“Neftçi” dünya şöhrətli futbolçu ilə təmasa keçdi: Agenti ilə görüşdülər
“Neftçi” yay transfer pəncərəsinin ən çox müzakirə olunan klublarından biridir. Adrian Mutunun baş məşqçi postuna təyin olunmasından sonra səs-küylü keçidlər reallaşdıran paytaxt təmsilçisi bu istiqamətdə fəaliyyətini davam etdirir.
Aut.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar”ı şəxsən idarə edən Rövşən Nəcəf ulduz futbolçuların transferində maraqlıdır. Müşahidə Şurasının sədri bu səbəbdən transfer bazarına şəxsən nəzarət edir. O, özünə yaxın olan menecerlərə münasib şərtlər altında tanınmış oyunçuların tapılmasını tapşırıb.
Artıq Rövşən Nəcəf bir tanınmış futbolçunu hədəfə alıb. Söhbət “Real”dakı çıxışları ilə tanınan İsko Alarkondan gedir. Uzun müddət Madrid təmsilçisində çıxış edən ispaniyalı yarımmüdafiəçi bu klubdan ayrıldıqdan sonra işləri heç də yaxşı getmir. “Sevilya” ilə müqavilə bağlasa da, 31 yaşlı yarımmüdafiəçi bu klubda cəmi 6 ay çıxış edib.
Hazırda azad agent olan İsko yeni macəra axtarışındadır. Bundan mətbuat vasitəsilə xəbər tutan R.Nəcəf futbolçunun vəziyyəti və maliyyə şərtləri ilə maraqlanmağı tapşırıb. İspaniya millisinin sabiq üzvünün menecerləri ilə tanışlıq məqsədi daşıyan ilkin görüş baş tutub. Futbolçunun tələbləri Rövşən Nəcəfə çatdırılıb.
İsko ilə danışıqların davam edib-etməyəcəyi bilinmir. Ancaq məlum olan odur ki, “Neftçi” ulduz futbolçu axtarışındadır.

Aut.az
