İqor Ponomaryov adı stajlı futbol azarkeşlərinə çox yaxşı tanışdır. “Neftçi”nin yetirməsi olan sabiq yarımmüdafiəçi sovet dövrünün ilk qaranquşlarından, yəni legioner futbolçularından biri olub.
O, 1989-cu ildə Bakıdan İsveçə yollanıb və uzun müddət geri qayıtmayıb. Təəssüf ki, Ponomaryovun karyerası o qədər də uğurlu alınmayıb. Bunun günahı özündə dı olmayıb. Onun üç dəfə bəxti gətirməyib. Birincisi Almaniyadan təklif gələndə olub.
“Neftçi” aşağı liqaya düşəndən sonra anladım ki, yeni komanda axtarmağın vaxtı çatıb”. Bu sözləri İqor “ağ-qaralar”dan ayrıldığı dönəmi xatırlayarkən deyib. O, bu barədə Azərbaycan İdman Komitəsinin sədrinə məlumat verib. Və bu cavabı eşidib: “Yeri gəlmişkən, “Şalke”yə dəvətlisiniz. Getmək istəmirsiniz?”.
“Gediş üçün sənədlər hazırlamağa başladıq. Bu arada “Neftçi” ilə toplanışa getdim. Hazırlıqdan qayıdanda öyrəndim ki, məni “Şalkedə” yox, “Norrçöpinq”də gözləyirlər. Təlim-məşq toplanışında olarkən həyat yoldaşımı çağırıb soruşublar ki, “İqora İsveçdən təklif var. Siz getmək istəyirsiniz”? Olya da razılaşıb. Kənardan elə göründü ki, həyat yoldaşının sayəsində İsveçə köçürük. Narahat olmadım, İsveç İsveçdir, dünyanın ən pis ölkəsi deyil”, – deyə Ponomaryov fikrini tamamlayıb.
Növbəti dəfə yarımmüdafiəçinin bəxti müqavilə imzalayanda gətirməyib. SSRİ-nin qəribə qanunvericiliyinə görə o, İsveçdə aşağı maaş almağa məcbur olub:
“Mən gülməli bir müqavilə imzaladım. Elə bir maddə vardı ki…. Xaricdə işləyən vətəndaşların SSRİ-nin bu ölkədəki səfirindən artıq məvacib almaq hüququ yox idi. Hər ay mən sovet konsulluğuna gəlirdim, orada mənə 4500 kron – təxminən 1000 dollar pul verirlirdi. Bundan xəbər tutan tanış bir isveçli belə münasibət bildirdi ki, işsizlik müavinəti maaşından daha çoxdur”.
İndi keçək üçüncü və əsas şansızlığa. Onun ən çox da səhhəti baxımından bəxti gətirməyib. İsveçə yollanmazdan bir il əvvəl İqor Olimpiadada Koreya ilə matçda dizindən ciddi zədə alıb. Buna görə bütün turniri ehtiyat oyunçular skamyasında keçirməyə məcbur olub:
“Sonra başa düşdüm ki, oyunlar mənim üçün bitdi. Göz yaşları tökmək ayıb idi. Top uğrunda mübarizədə tullandım. Ancaq yerə pis düşdüm. Heç nə hiss etmədim, matçı bitirdim. Səhər oyananda gördüm ki, ayağım əyilmir. Növbəti görüşdən əvvəl Bışovets oynayıb-oynamayacağımı soruşdu və “məncə, 45 dəqiqə kifayətdir” dedi. Mənə iynə vurdular. İkinci hissədə məni əvəzedici kimi buraxmağa qərar verdilər”.
İqor Ponomaryov meydanın kənarında isinməyə başlayıb. lakin 20 metr qaçdıqdan sonra dizində ağrılar hiss edib. Bununla da oyunlar onun üçün erkən başa çatıb:
“Olimpiadanın qalan günlərdə uşaqların qələbə üçün mübarizə aparmasından dəhşətli dərəcədə xəcalət hissi keçirdim. Özümü onlara yük hesab edirdim. Finalda heç olmasa bir fayda verməyə çalışdım. Ona görə su qablarını daşıdım”.
İqor İsveçdə zədəsini sağalda biləcəyini düşünsə də, alınmayıb. Ona görə də karyerasını bitirmək məcburiyyətinə qalıb. Ponomaryovun legioner kimi macərası cəmi bir il çəkib. 17 matçda iştirak edən yarımmüdafiəçi cəmi üç qol vurub.
“İsveçlilər bir az axsadığımı gördülər, məsələnin nə olduğu ilə maraqlandılar. Yalandan “bu, uşaqlıqdan məndə var” deyib çölə çıxmaq məcburiyyətində qaldım. Amma yarım mövsüm məşq etdikdən sonra nəhayət hər şey bitdi. Evə gəlib həyat yoldaşıma fikrimi dedim. Belə vəziyyətdə daha bir ay dözdüm. Həftədə bir dəfə, cümə axşamı məşq edirdim. Şənbə günü çempionat matçında meydana çıxdım. Son iyirmi dəqiqədə dizim şişmişdi və çətinliklə hərəkət edə bilirdim. Başqa bir əməliyyat keçirdim, amma bu, məni futboldan ayrı düşməkdən xilas etmədi. Təvazökarlıqdan uzaq olsa da, qeyd edim ki, həmin il çempion olan “Norrçöpinq”də yaxşı ad qazandım.
Belə bir uğursuzluqlardan sonra onun nəhayət bəxti gətirib. Ağrılarına baxmayaraq, mövsümü ləyaqətlə keçirən legionerlə klub insaflı davranıb. Onun İsveçdə qalmasna və yaxşı yaşamasına köməklik edilib. Maşını, mənzili və maaşını saxlanımaqla yanaşı, onun üçün xüsusi olaraq yeni bir vəzifə yaradılıb. Keçmiş futbolçu İsveç təmsilçisində bütün gənclər və əsas komandanın texniki hazırlığına cavabdeh olub.
İqor bu fürsəti əldən verməyib. Tezliklə yerli dili öyrənib. Daha sonra məşqçilik kurslarını bitirib. Ailəsinin istəyi ilə paytaxt Stokholma köçüb. Bundan sonra o, bir neçə il aşağı yaş qrupları üzrə komandaları çalışdırıb. Sonra bir mövsüm özünü Azərbaycan millisində sınayıb. Burada uğursuzluqdan sonra İsveçə qayıdıb. Orada “Suryanska” başçılıq edib. 2004-cü ildən isə “Qarabağ” və “Xəzər-Lənkəran”la yanaşı “Maşuk”a rəhbərlik edib.
Hazırda isə “Sabah” klubunda çalışır. O, paytaxt təsmilçisində 3 vəzifəni icra edib. Əvvəlcə Müşahidə Şurasının sədri olan Ponomaryov 2019-cu ildə müvəqqəti olara baş məşqçinin səlahiyyətlərini yerinə yetirib. 63 yaşlı mütəxəssis hazırda “bayquşlar”ın idman direktoru kimi fəaliyyət göstərir.