Kamran Quliyev təcrid olundu: “Neftçi”də hər an kütləvi istefa gözlənilir
Ötən mövsüm uğursuzluğa düçar olan “Neftçi”nin düşərgəsində çox maraqlı vəziyyət yaranıb. “Ağ-qaralar”ın daxilində vəziyyət olduqca gərgindir.
Klubun Premyer Liqada 3-cü olması və ölkə kubokunun finalında uduzması baş sponsor SOCAR rəhbərliyini hiddətləndirib. Sözügedən şirkətin prezidenti və paytaxt təmsilçisinin Müşahidə Şurasının sədri olan Rövşən Nəcəf “Neftçi”yə nəzarəti tam olaraq ələ keçirib.
Aut.az-ın əldə etdiyi məlumata görə, klubun büdcəsi artırılıb, yeni transferlərlə yanaşı, baş məşqçi məsələsi ilə Rövşən Nəcəf şəxsən məşğul olur. Türkiyəli mütəxəssislə danışıqlar hələ ötən həftədən – şura sədrinin qardaş ölkəyə səfəri zamanı başlayıb və müsbət tendensiya ilə davam edir.
Rövşən Nəcəfin “ağ-qara” rəngli klublara olan sevdası məhz bu seçimdə böyük rol oynayıb. O, 2 il öncə “Beşiktaş”ı gözlənilməz şəkildə çempion edən 50 yaşlı mütəxəssisə – Sərgən Yalçına “Neftçi”də də şans vermək istəyir.
Bundan başqa, prezident Kamran Quliyev və onun komandası baş verən proseslərə müdaxilə edə bilmir. Onlar tamamilə oyundankənar vəziyyətə salınıblar. Vəziyyət o həddə çatıb ki, Quliyevin istefa verməsinin an məsələsi olduğu bildirilir. O, hər an istefaya göndərilə bilər.
Aut.az
