Mahir Emreliyə xəbərdarlıq edildi
“Dinamo” Azərbaycan millisinin futbolçusu Mahir Emrelini yenidən icarəyə verə bilər.
Aut.az xəbər verir ki, bu, 26 yaşlı hücumçunun yay təlim-məşq toplanışındakı performansından asılı olacaq. Bu barədə “vecernji.hr” məlumat yayıb.
Emreli də daxil olmaqla, bir neçə oyunçu iyunun 19-da başlayacaq hazırlıq dönəmində baş məşqçi İqor Bişçanın etimadını doğrultmalıdır. Əks təqdirdə, azərbaycanlı forvardın yenidən icarəyə verilməsi gündəmə gələcək.
Baş məşqçi sınaq dönəminin sentyabra qədər davam edəcəyini bildirib. O, yeni transferlərin məhz heyətdə yer alanlardan asılı olacağını söyləyib.
Qeyd edək ki, Mahir Emrelinin Zaqreb təmsilçisi ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir. O, ötən mövsümün ikinci dövrəsini icarə əsasında Türkiyə klubu “Konyaspor”da keçirib.
