Almaniya

“Ayntraxt” ona tapşırıldı – RƏSMİ

Frankfurt “Ayntraxt”ı rəsmi saytı vasitəsi ilə yeni baş məşqçisinin adını açıqlayıb.

Aut.az xəbər verir ki, bu, “Bayern Münhen”də Yulian Nagelsmanın köməkçisi olmuş Dino Topmöllerdir.

42 yaşlı almaniyalı mütəxəssislə müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Topmöller son mövsümün ardından komandanı tərk edən Oliver Qlasnerin yerini tutub.

“Ayntraxt” 2022/23 mövsümündə Bundesliqadakı mübarizəni 7-ci yerdə tamamlayıbsa, Almaniya Kubokunun finalınadək irəliləyərək həlledici qarşılaşmada “Leyptsiq”ə 0:2 hesabı ilə uduzub.

Topmöller 2021-2023-cü illərdə “Bayern”də Nagelsmanın köməkçisi qismində çalışıb. Daha öncə o, “Leyptsiq”də eyni funksiyanı yerinə yetirib. Sözügedən mütəxəssis 2016-2019-cu illər aralığında Lüksemburqun “Düdelanj” komandasını çalışdırıb və bu klubu tarixində ilk dəfə Avropa Liqasının qrupuna daşıyıb.