“Neftçi”də “söküntü” başladı – Öncə bu 7 futbolçu göndərilir
Cari mövsümdə bütün yarışlarda uğursuz olan və titulsuz qalan “Neftçi” yeni mövsümün hazırlıqlarına başlayıb.
Aut.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” komanda daxilində ciddi islahatlarla hazırlaşır. Rəhbərlik 7 futbolçunu göndərməyi planlaşdırır.
Müqaviləsi bitən Voislav Stankoviç, Vato Arveladze və Sezar Meza Kolliyə yeni sözləşmə təklif edilməyib. İcarə əsasında çıxış edən Mert Çelik də məxsus olduğu “Başakşəhər”ə qayıdacaq. Müqaviləsi davam edən futbolçulardan Aqil Məmmədov, Rəhman Hacıyev, və Yeqor Boqomolski ilə də yollar ayrılacaq.
Məmmədov uzun illərdən sonra Premyer Liqaya qayıdan doğma şəhərinin komandası “Araz Naxçıvan”a keçə bilər. Buna görə onun qarşılıqlı razılaşma əsasında gedəcəyi gözlənilir.
Yüksək məvacib alan, amma elə də faydalı olmayan Rəhman Hacıyev icarəyə veriləcək. Boqomolskini də eyni aqibət gözləyir. O, böyük ehtimalla, dekabra qədər vətəni Belarusa yollanacaq.
Aut.az
