Yeni mövsümdən “Zirə”də ciddi dəyişikliklər olacaq. Bu mövsüm heç də yaxşı çıxış etməyən “qartallar”da islahatlar aparılacaq.
Aut.az-ın əldə etdiyi məlumata görə, ilk dəyişiklik baş məşqçi postu ilə bağlı olacaq. 2020-ci ilin iyul ayından qəsəbə komandasını çalışdıran Rəşad Sadıqovla yollar ayrılacaq. Onunla mövsümün sonunda bitəcək müqavilənin müddəti uzadılmayacaq.
Gənc mütəxəssisin özü də postunda qalmaq istəmir. O, ümumiyyətlə “Zirə”də özünü xoşbəxt hiss etmir. Bundan başqa, bir müddətdir Sadıqovla klub rəhbərliyi arasında münasibətlər soyuyub. Sadıqov son zamanlar neqativ hallarla təkbaşına mübarizə aparır. Bəzi məsələlərdə sinəsini qabağa verərək özünü mübarizənin ortasına atır. Hətta komanda üçün böyük fədakarlıq edir. Ancaq rəhbərlikdən dəstək görmür.
İyunda 41 yaşını qeyd edəcək çalışdırıcı narazılığını büruzə verməmək, komandadakı ab-havaya mənfi təsir göstərməmək üçün əlindən gələni edib. Ancaq klub daxilindəki söz-söhbətlərin qarşısını almaq mümkün olmayıb. Nəticədə futbolçuların bir neçəsi məsələdən xəbərdar olub. Artıq onların bir qismi “Zirə”dən ayrılmaq barədə düşünür. Həmin futbolçular komandada məhz Sadıqova görə qaldıqlarını bildiriblər.
Mənbənin sözlərinə görə, Rəşad Sadıqov fikrində israrlıdır. O, gələcəyini “Zirə”də görmür.
Aut.az