“Real” akademiyasının yetirməsi olan “Eybar”ın 24 yaşlı qapıçısı Luka Zidan “Kral klubu”nun əsas komandasında cəmi iki oyun keçirib. Qapıçının paytaxtdakı karyerası heç də parlaq olmayıb və Luka hesab edir ki, atası Zinəddin Zidanın reputasiyası ona zərbə vurub.
İstəyirəmm ki, futbol dünyasında məni Luka kimi görsünlər. Məni iştirak etdiyim matçlara görə mühakimə etsinlər, heç kimlə müqayisə etməsinlər. Haqqımda heç nə bilmədən məni tənqid edənlər var. Bu da pis təsir edir. Məni qərəzli mühakimə edirlər. Onlar mənim kim olduğumu bilmirlər.
Mənim bir və ya iki oyun oynadığımı görən və əslində necə insan və ya oyunçu olduğumu bilməyən insanlardan tənqid eşitmək çətindir. Uşaqlıqdan bütün bunlardan uzaq durmağa çalışmışam… Amma soyadıma görə başqa futbolçulardan daha az qorunmuşam. Heç bir başqa oyunçu haqqında mənim haqqımda danışdıqları qədər danışılmaz. Bu cür şeylər hansısa klub mənimlə müqavilə bağlayarkən ancaq və ancaq zərər verir.
Və bu hal dəfələrlə təkrarlanır. Hər yerdə deyirlər ki, ancaq atamın sayəsində nə isə əldə edirəm… Uğur qazanmaq üçün hər gün gördüyüm işlərin heç bir əhəmiyyəti yoxdur. İnsanların fikrinə hörmət edirəm, amma belə çətindir. Bunu həzm etmək asan deyil”, – Luka Zidan “Relevo”ya müsahibəsində deyib.
Aut.az