Avropa Çempionatı

İbra Azərbaycana qarşı oynayacaq? – Baş məşqçi deyir ki…

“Milan”ın futbolçusu Zlatan İbrahimoviç Azərbaycan millisinə qarşı oynaya bilər.

Aut.az xəbər verir ki, bunu İsveç millisinin baş məşqçisi Janne Andersson “Fotbollskanalen.se” saytına açıqlamasında deyib. Mütəxəssis AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycana qarşı keçirəcəkləri oyunlarda təcrübəli hücumçunun yer ala biləcəyini bildirib:

“Onun bizimlə olub-olmayacağını tezliklə biləcəksiniz. “Zlatan sağlamdırsa, hətta meydana çıxmasa belə, öhdəlik və liderlik baxımından göstərdiyi təsirlə bizə çox şey verə bilər”.

Azərbaycan millisi Zlatan İbrahimoviçin yaddaşında iz buraxan komandalardan biridir. Çünki millidəki ilk qolunu 2001-ci ildə yığmamızın qapısında keçirib. Ümumilikdə 121 oyunda 62 qol vuran İbrahimoviç İsveç millisinin tarixinin bombardiridir. O, 2016-cı ildə yığmadakı çıxışını başa vursa da, 5 il sonra yenidən ölkəsinin bir nömrəli komandasına qayıdıb.

Yayda dizindən əməliyyat edilən futbolçu bu mövsüm yalnız bu ilin fevralın 26-da “Atalanta” ilə oyunda debüt edib. O, ümumilikdə keçirdiyi 3 oyunda 72 dəqiqə meydanda olub.

Qeyd edək ki, İsveç yığması martın 24-də Belçika, üç gün sonra isə Azərbaycan millisini qəbul edəcək.