Emin Mahmudovun “Neftçi”də alacağı məvacib – Fantastik məbləğ
Emin Mahmudovun uzun sürən danışıqlardan sonra “Neftçi” ilə yeni müqavilənin şərtlərində razılıq əldə etdiyi barədə məlumat vermişdik. “Ağ-qaralar”la yeni 2 illik sözləşmə imzalayacaq 30 yaşlı yarımmüdafiəçinin məvacibi də artacaq.
Aut.az-ın əldə etdiyi məlumata görə, hazırda illik maaşı 250 min dollar olan kapitan bundan sonra daha çox maaş alacaq. Söhbət 100 min dollarlıq artımdan gedir. Bunu manatın kursu ilə hesablasaq, təqribən 600 min manat edir.
Bundan əlavə, yeni sözləşmədən sonra Eminin bonus və mükafatlarla qazancı daha 100 min dollar arta bilər.
Belə olacağı təqdirdə, onun məvacibi 750 minə çatacaq. Yəni futbolçu 2 il ərzində 1,5 milyon manat qazanacaq. Qeyd edək ki, daha əvvəl yayılan məlumatda bildirilirdi ki, “Sabah” Emin Mahmudova 1 milyon manat illik məvacib təklif edib. Görünür, “Neftçi” bu amili də nəzərə alaraq, liderinin məvacibini kifayət qədər qaldırıb və Emin də komandada qalmağa razılıq verib.
Qeyd edək ki, Mahmudovun “Neftçi” ilə hazırkı müqaviləsinin müddəti iyunda başa çatacaq.
Aut.az
