Yunanıstanda Əliyar Ağayevə qarşı etiraz: Azərbaycan çayından başqa…
FİFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadasının Yunanıstan kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçirləcək “Olimpiakos” – AEK (Afina) matçını idarə edəcəyi barədə məlumat vermişdik.
Aut.az xəbər verir ki, bu təyinat birmənalı qarşılanmayıb. Pirey klubunun vitse-prezidenti Kostas Karapapas Afina təmsilçisinə qarşı keçirəcəkləri qarşılaşmanın azərbaycanlı hakim tərəfindən idarə edilməsinə etiraz edib. “Olimpiakos” rəsmisi bununla bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib:
“Nəhayət, federasiya bizi dinlədi! Böyük liqadan hakim təyin etdilər. Məlumdur ki, Azərbaycan çayından başqa, La Liqa, Premyer Liqa, Bundesliqa, Serie A və Liqa 1 ilə birlikdə dünyanın ən yaxşısı sayılan çempionatı ilə də məşhurdur! Niyə də yox”?!
Qeyd edək ki, qarşılaşma martın 1-də keçiriləcək. İlk görüşdə AEK 3:0 hesabı ilə qalib gəlib.

