“Neftçi”nin “Qarabağ”ı dağıtmaq planı – Bu oyunçulara “qarmaq” atacaqlar
“Neftçi”nin büdcəsinin 5 il ərzində 50 milyon manata çatdırılacağı ilə bağlı məlumat vermişdik. Komandanın Müşahidə Şurasının dəyişməsindən, SOCAR-ın prezidenti Rövşən Nəcəfin nəzarəti öz üzərinə götürməsindən sonra bu planın reallaşacağına kimsə şübhə etmir.
Rəhbərlik qarşısına belə məqsəd qoyub: Hər il avrokubokların qrup mərhələsində oynayacaq komanda formalaşdırmaq.
“Neftçi”dəki mənbənin Aut.az-a verdiyi məlumata görə, rəhbərlik əsas rəqibi – “Qarabağ”ı zəiflətmək haqda da plan qurur. Plana görə, Ağdam təmsilçisinin iki əsas futbolçusu nəyin bahasına olursa-olsun, “Neftçi”yə gətirilməlidir.
Nəzərdə tutulan futbolçular isə Kadi Borgeslə Ramil Şeydayevdir. Rəhbərlikdən tapşırıq verilib: Onlar nə qədər məvacib istəsələr “yox” deməyin. Hətta tələbləri 1,5 milyonu aşsa belə.
“Neftçi” bu futbolçuların transferinə görə “Qarabağ”a da istədiyi məbləği ödəməyə hazırdır. Bu planın iki məqsədi var: Alınsa, “Qarabağ” nəzərəçarpacaq dərəcədə zəifləyəcək, “Neftçi” isə güclənəcək. Alınmasa, “Qarabağ” futbolçularını buraxmasa belə (onlar getmək istəsələr də) komandanın daxilində ab-hava korlanacaq, futbolçuların oyun keyfiyyəti aşağı düşəcək.
Çirkli plandır, amma Avropada bir çox komandalar bu plandan yararlanırlar. Görünür, “Neftçi” rəhbərliyi yaxşı anlayır ki, sağlam rəqabət şəraitində həmişə “Qarabağ”a məğlub olacaqlar. Ona görə də belə plana üstünlük verirlər.
Aut.az
