Tarix üçün o qədər də çox deyil 35-40 il. 35-40 il əvvəl, 80-ci illərdə Fransa yığmasının heyətində bir qaradərili futbolçu vardı – Jan Tiqana. Az qala hamı təəccüb edirdi: bu qaradərili o komandaya necə düşüb? Almanlarda belə şey ola bilməzdi. Hələ italyanları demirəm.
Dünya neçə dəyişib, ilahi? Dünyanın dəyişməsi futbolu da dəyişdirib. 35-40 il ərzində Fransa yığmasının az qala 70 faizi gəlmələrdən ibarətdir. Elə Almanların da, ingilislərin də. Artıq ispanların da heyətində “gəlmələr” görünür. 1982-ci ildə keçirilən Avropa çempionatında Fransaya çempionluğu təmiz fransız Platini qazandırmışdısa, üstündən 16 il keçdi və 1998-ci il mundialında Fransaya dünya çempionluğunu Əlcəzair əsilli ərəb Zidan qazandırdı.
Qətərdə keçirilən dünya çempionatında Avropa komandalarının heyəti, demək olar ki, afrikalı futbolçulardan qurulub.
Nə baş verir? Heç nə, hər şey məntiqi əsasını tapır. Avropanın yağmaladığı ölkələrin vətəndaşları deyirlər ki, biz nə fransızdan, nə almandan, nə də ingilisdən istedadsız deyilik. Sadəcə Avropa uzun illər Afrikanı sümürüb. Sümürdüyünün hesabına da özlərinə cənnət qurublar, infrastruktur yaradıblar.
Ona görə də, Zidanın Əlcəzairdə Zidan olmaq şansı qalmayıb. O, istedadlı olduğunu Fransada sübut etməli idi bütün dünyaya. Etdi də. Amma təkcə Zidan yox, Anrisi də, Anelkası da, Mbappesi də.
Onlar dağıdılmış, viran qoyulmuş ölkələrdən Avropaya axışdılar. Səbirlə qisas alacaqları günü gözlədilər. Onlar silahla gəlməmişdilər. Onlar qan tökmürdülər, uşaq öldürmürdülər. Onlar çalışırdılar, sübut edirdilər ki, fransızdan, almandan, ingilisdən qat-qat istedadlıdırlar, üstündürlər. Çünki bilirdilər, bilirdilər ki, fransızdan, almandan, ingilisdən qat-qat üstün olmalıdırlar ki, yığmada yer ala bilsinlər.
Və bu gün Avropa ölkələrinin əksəriyyətində yığmanın əsasını elə Avropanın viran qoyduğu ölkələrdən gələnlər təşkil edir. Çox qalmayıb, cəmisi 30 ildən sonra Avropanın futbolu yox, siyasəti, iqtisadiyyatı da onların əlində olacaq.
Məşhur fransız məşqçi Arsen Vengerdən müsahibə alan jurnalist ona belə sual vermişdi: “Çox böyük, təmtəraqlı eviniz var”.
Mənim, həm də filosof hesab etdiyim Vengerin cavabı belə olmuşdu: “Bu mənzil, bu təmtəraq mənim – bizim deyil. Bu, Avropanın istismar etdiyi xalqlarındır. Bir gün onlar öz sərvətlərinin ardınca gələcəklər”.
Onlar aratıq buradadırlar, gəliblər. Avropanı “işğal” edirlər. Səssiz-səmirsiz, silah-sursatsız. İstedadları ilə (Publika.az).
Natiq Muxtarlı