Gəncə stadionu ilə bağlı yeni xəbər: Söküntü bu tarixdə başlayır
1959-cu ildə istifadəyə verilən və o vaxtdan bəri əsaslı təmir edilməyən Gəncə şəhər stadionuyla bağlı şad xəbər var.
Aut.az-ın əldə etdiyi məlumata görə, müasir tələblərə cavab verməyən arenayla bağlı hərəkətlilik var. Uzun müddətdir gözlənilən sökütntü işlərinə bu həftə başlanacağı bildirilir. Ən pis halda bu prosesə növbəti həftənin ilk günlərində başlanacaq.
Stadionun əsas meydançası və tribunaları tamamilə söküləcək. Əvəzində tutumu 15000 nəfərdən aşağı olmayacaq yeni arena tikiləcək.

Məsələylə bağlı ev oyunlarını Gəncə şəhər stadionunda keçirən “Kəpəz” klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev Publika.az-a açıqlamasında xəbəri təsdiqləyib. O, dəqiq tarix söyləməsə də, yaxın günlərdə stadionda işlərə başlanacağını bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 6-da Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamla Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılıb.




