Almaniya

Kloppun nümayəndəsindən “Real” xəbərinə reaksiya: Əsəbilik yaradır

Yurgen Kloppun nümayəndəsi Mark Kosike alman mütəxəssisin “Real Madrid”ə mümkün təyinatı ilə bağlı xəbərlərə münasibət bildirib.

Aut.az xəbər verir ki, jurnalist və insayder Florian Plettenberq Kosikenin sözlərini sitat gətirib:

“Belə durum əsəbilik yaradır. Yurgen Klopp “Red Bull”dakı rolundan məmnundur və klubda məşqçilik etmək ambisiyası yoxdur. “Real” bölməsi artıq onun üçün bağlıdır – xüsusən də hazırkı vəziyyətdə və şəraitdə. Gələcəkdə onu xüsusilə cəlb edən yeganə iş Almaniya millisidir”.

Xatırladaq ki, daha əvvəl “Real Madrid”in prezidentliyə namizədi Enrike Rikelme prezident seçkilərində qalib gələcəyi təqdirdə Kloppu baş məşqçi təyin edəcəyini açıqlamışdı.

Kloppun məşqçi kimi son klubu 2015-ci ildən 2024-cü ilə qədər çalışdığı “Liverpul” olub.

O, 1 yanvar 2025-ci ildən “Red Bull”da qlobal futbol rəhbəri vəzifəsini icra etməyə başlayıb.

Aut.az