Əfsanə özü yaratdığı qurumdan istefa verdi
24 qat “Böyük Dəbilqə” turnirlərinin qalibi, dünyanın keçmiş bir nömrəsi Novak Cokoviç 2020-ci ildə kanadalı tennisçi Vasek Pospisil ilə birlikdə yaratdığı Peşəkar Tennisçilər Assosiasiyasından (PTPA) ayrıldığını açıqlayıb.
Aut.az xəbər verir ki, Cokoviç bu barədə şəxsi Instagram hesabında məlumat verib.
“Uzun və diqqətli düşüncədən sonra Peşəkar Tennisçilər Assosiasiyasından (PTPA) tamamilə ayrılmaq qərarına gəldim. Bu qərarı təşkilatda şəffaflıq, idarəetmə və mənim səsimin, eləcə də imicimin necə təmsil olunması ilə bağlı davamlı narahatlıqlara görə verdim.
PTPA-nı yaradarkən Vasek ilə bölüşdüyümüz baxışla fəxr edirəm. Məqsəd oyunçulara daha güclü və müstəqil səs vermək idi. Lakin zamanla aydın oldu ki, mənim dəyərlərim və yanaşmam təşkilatın hazırkı inkişaf istiqaməti ilə artıq üst-üstə düşmür.
Mən diqqətimi tennisə, ailəmə və idmanın inkişafına öz prinsiplərimə və dürüstlük anlayışıma uyğun yollarla töhfə verməyə davam edəcəyəm. Bu işə cəlb olunan bütün oyunçulara və insanlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram, lakin mənim üçün bu səhifə artıq bağlanıb”, – deyə Cokoviç bildirib.
Qeyd edək ki, 2025-ci ilin mart ayında PTPA əsas tennis qurumlarına qarşı məhkəmə iddiası qaldırmışdı. Assosiasiyanın əsas tələblərindən biri turnirlərin mükafat fondlarının, NBA və NHL kimi Şimali Amerika liqaları nümunəsində olduğu kimi, ümumi gəlirlərin 50 faizi səviyyəsinə qaldırılması idi.
Aut.az
