NBA-da qalmaqal: Federal orqanlar hərəkətə keçdi
ABŞ federal hakimiyyəti “Detroyt Pistons” klubunun müdafiəçisi Malik Bizli barəsində NBA oyunlarına mərclərlə bağlı təhqiqat aparır.
Aut.az xəbər verir ki, bu barədə ESPN-in insayderi Şems Çaraniya məlumat yayıb.
İddialara görə, məsələ Bizlinin “Miluoki Baks”da çıxış etdiyi 2023/24 mövsümünə aiddir. Həmin mövsümdə 28 yaşlı basketbolçu 79 oyunda meydana çıxıb, 77 matça start heyətdə başlayıb (bu, onun şəxsi rekordudur) və orta hesabla 11,3 xal toplayıb.
Ən azı bir tanınmış Amerika bukmeker şirkəti 2024-cü ilin yanvarından başlayaraq Bizlinin statistik göstəricilərinə qeyri-adi maraq göstərib. Qumar sənayesindəki mənbələr 2024-cü ilin yanvar 31-dən keçirilən “Miluoki” – “Portlend” oyunu zamanı Bizlinin 2,5-dən az ribaund yığacağına dair mərclərdə əhəmiyyətli hərəkətliliyin olduğunu bildiriblər. Lakin oyunçu həmin qarşılaşmada 6 ribaundla çıxış edib və bu qeyri-adi mərclər uduzub.
Bizlinin vəkili Stiv Heyni deyib: “Təhqiqat ittiham demək deyil. Malik ABŞ Konstitusiyasına əsasən, hər kəs kimi təqsirsizlik prezumpsiyasına malikdir. Hazırda onun barəsində heç bir rəsmi ittiham irəli sürülməyib”.
Məlumata görə, basketbolçu “Detroyt Pistons” ilə 42 milyon dollar dəyərində üçillik yeni müqavilə barədə danışıqlar aparırdı. Lakin bu araşdırmaya görə danışıqlar dayandırılıb.
Qeyd edək ki, ötən mövsüm Malik Bizli bütün 82 oyunda iştirak edib, orta hesabla 16,3 xal toplayıb və 319 üç xallıq atış reallaşdıraraq “Pistons” tarixində bu göstərici üzrə rekord müəyyənləşdirib.
Aut.az
