Futbol üzrə milli komandanın son iki yoxlama oyununda uğursuz çıxışı (Latviya – 0:0, Macarıstan – 1:2) fonunda AFFA-nın yenə tənqid hədəfinə çevrilməsi normaldır.
Düzdür, hazırda milli komandada forma geyinən futbolçular indiki AFFA rəhbərliyi dövründə yetişməyib, Azərbaycan futbolunun çoxşaxəli və bitib-tükənməyən problemləri də hazırkı rəhbərliyə daha əvvəlkilərdən “miras qalıb”. Rövnəq Abdullayev – Elxan Məmmədov ikilisi ölkə futbolunu elə bir bataqlığa salıb ki, yüz min buldozer gətirsən, bəlkə, çıxara biləsən.
Amma Rövşən Nəcəfin AFFA-sının milli komanda ilə bağlı elə bir səhvi var ki, ona görə bu gün nə qədər tənqid edilsələr də, azdır. O səhvin adı da Fernandu Santuşdur.
Yox, məsələ heç də portuqaliyalı mütəxəssisin məşqçi kimliyi ilə bağlı deyil. Santuş istənilən normal komanda ilə uğur qazana biləcək təcrübəyə sahibdir və bunu Portuqaliya millisi ilə Avropa çempionu olmaqla sübut edib. Amma Azərbaycan millisi nə qədər “normal” komandadır? Müasir futbolun normalarına, standartlarına nə qədər cavab verir? “Normal olmayan” və normalara cavab verməyən komandanı NORMAL məşqçiyə tapşırmazlar! Üstəlik, bu məşqçi ilə 3+1 illik müqavilə bağlamazlar! Nə olmuşdu, dünyanın axırı idi? İndi bacarırsan ödə Santuşun kompensasiyasını, göndər getsin. Azərbaycandakı işi üçün illik məvacibi bir milyon avrodan çox olan portuqaliyalı məşqçinin kompensasiyası nə qədərdir, Allah bilir.
Cəmi azərbaycanlılar Santuşu çoxdan tanısa da, o, Azərbaycanı, Azərbaycan futbolunu bilmirdi, tanımırdı. Azərbaycan futbolunu bilməyən, tanımayan birinə hansı zəka ilə 3+1 illik müqavilə təklif edilib, anlamaq çətindir. Buyurun, Santuş artıq azərbaycanlı futbolçuların potensialını, səviyyəsini, müasir futbolun normalarına cavab vermədiklərini müqaviləsinin bir ili tamam olmamış başa düşüb. Müqaviləsinin qalan illərində də Azərbaycanda oturub lülə… kababı yeməkdən başqa əlindən bir şey gəlməz. Ya kompensasiyası ödənilib göndərilməlidir, ya da, lüləsini bol eləyin! Hə, hər iki halda da Azərbaycanın pulunu yeyəcək.
Kürşad