Bir neçə gün öncə “Neftçi”də mövsümün yekunları ilə bağlı iclasların keçirdiyi barədə məlumat vermişdik. Müşahidə Şurasının üzvləri, baş məşqçi Samir Abasov, Baş İcraçı Direktor Cenk Sümer, idman və maliyyə departamentlərinin iştirakı ilə toplantılar baş tutub. Hesabatlar dinlənib və mövsümün nəticələri müzakirə edilib.
Müşahidə Şurası komandanın nəticələrindən ciddi narazılığını dilə gətirib, mövsümün yekunlarını qəbuledilməz kimi qiymətləndirib. Eyni zamanda seleksiya işlərindəki mövcud nöqsanlar da müzakirə edilib.
Müşahidə Şurası Samir Abasova tam dəstək nümayiş etdirib və klubun digər şöbələrinə baş məşqçinin komanda quruculuğu ilə bağlı istəklərinə uyğun transfer strategiyasının həyata keçirilməsi üçün hər cür dəstəyin verilməsini tapşırıb.
Aut.az bu iclaslarla bağlı xüsusi məlumat əldə edib. Müşahidə Şurasının toplantılarında idman şöbəsinin idarə etməsində nöqsanlar aşkarlanıb. Çoxşaxəli sistemdə əlaqələrin qurulmasında problemlər olduğu müəyyənləşib. Bu şöbədə verilən qərarlara görə kiminsə tam olaraq məsuliyyət daşımadığı da ortaya çıxıb. Bir neçə vəzifəli şəxsin qərar vermək hüququnun olduğu bəlli olub.
Bu səbəbdən idman şöbəsində məsuliyyətli şəxs tam olaraq idman üzrə müşavir Kamil Məmmədov təyin edilib. O, komandaya, nəticələrə və transferlərə cavabdeh olacaq.
Kamil Məmmədov komanda ilə bağlı bütün qərarlarda baş məşqçi Samir Abasovla birlikdə əsas söz sahibi olacaq.
Məmmədov yerlisi olan mütəxəssisin istəyinə uyğun komanda qurmalı, şərait yaratmalı və transferlər reallaşdırmalıdır. Mövsümün sonunda hesabatı isə o verəcək.
Qeyd edək ki, Kamil Məmmədov və Samir Abasov əslən Qusar rayonundandırlar.
Aut.az