Ronaldonun komandasının şikayəti təmin edildi: ÇL-ə vəsiqə qazanacaqlar?
Səudiyyə Ərəbistanı Futbol Federasiyası portuqaliyalı futbolçu Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” klubunun apellyasiya şikayətini təmin etdiyini açıqlayıb.
Aut.az xəbər verir ki, bu qərar nəticəsində klub turnir cədvəlində əlavə üç xal qazanıb və 2025/26 mövsümündə Asiya Çempionlar Liqasında iştirak etmək şansı əldə edib.
Mart ayında “Əl-Nəsr” “Əl-Ouruba” klubuna 1:2 hesabı ilə məğlub olmuşdu. Lakin Ər-Riyad klbuu bu görüşdə rəqibin texniki məğlubiyyətini tələb etmişdi. Klubun iddiasına görə, rəqibun qapıçısı Rafi Əl-Ruvayli peşəkar futbolçu statusuna malik olmadığından oyunda iştirak etməyə haqqı olmayıb.
Əlavə üç xal Səudiyyə Ərəbistanı çempionatının son turu öncəsi “Əl-Nəsr”i turnir cədvəlində üçüncü pilləyə yüksəldib. Hazırda klub “Əl-Qadisiyyə”ni iki xal qabaqlayır və ikinci yerdə qərarlaşan “Əl-Hilal”dan iki xal geri qalır.
Bu gün “Əl-Nəsr” “Əl-Fateh”lə, “Əl-Hilal” isə “Əl-Qadisiyyə” ilə qarşılaşacaq. Əgər “Əl-Nəsr” mövsümü ikinci pillədə başa vursa, 2025/26 mövsümündə Asiya Çempionlar Liqasında iştirak hüququ qazanacaq.
2024/25 mövsümündə “Əl-Nəsr” Asiya Çempionlar Liqasında yarımfinala qədər irəliləmiş, lakin öz meydanında Yaponiya təmsilçisi “Kavasaki Frontale”yə 2:3 hesabı ilə məğlub olmuşdu.
Aut.az
