“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messinin şəxsi mühafizəçisi Yasin Çeuko açıqlama verib.
Aut.az xəbər verir ki, o, Messiyə tərəf qaçan bir azarkeşi tutmaq istəyərkən yıxıldığı videoya münasibət bildirib:
“Honduras və Perudakı stadionların təhlükəsizlik işçilərinə mənim üçün həqiqətən əvəzolunmaz olan peşəkarlıq və köməyə görə səmimi təşəkkürümü bildirmək istərdim.
Azarkeşlərin meydançaya qaçmasını dayandırmaq mənim işim deyil. Bu, stadionun təhlükəsizlik işçilərinin üzərinə düşür. Amma düzünü desək, onların əksəriyyəti, mən ümumiləşdirmə yox, əksəriyyətini vurğulayıram – öz vəzifələrinə tam diqqət yetirmirlər. Təhlükəsizliyi təmin etmək əvəzinə, oyuna baxmaq və ya foto və video çəkməklə daha çox məşğul olurlar. Fikir vermədikləri üçün mən öz təşəbbüsümlə müdaxilə edib vəziyyətlə məşğul olmaq qərarına gəldim.
Mühafizə xidmətində çalışan dostlar, sizdən bütün hörmət və ciddiliklə xahiş edirəm, ayıq olun. Maaş aldığınız işi edin. Stadionun, oyunçuların və azarkeşlərin təhlükəsizliyi sizdən asılıdır. Mən həmişə sizə dəstək olmaq üçün orada olacağam, lazım olanda addım atmağa həmişə hazıram. Amma üzərinizə düşəni etməsəniz, bu missiyanın öhdəsindən tək gəlmək mənim üçün çox çətin olacaq.
Mən məşhur deyiləm və eqom yoxdur. Bəzi media orqanlarının iddia etdiyi kimi, ildə 3 milyon dollar qazanmıram. Mən milyonlarla insan kimi sadəcə bir işçiyəm, missiyamı məsuliyyətlə və qürurla yerinə yetirmək üçün hər gün əlimdən gələni edirəm. Mənim rolum işlədiyim insanların təhlükəsizliyini təmin etmək və heç bir azarkeşə zərər verməməkdir. Buna nail olmaq üçün əlimdən gələni etməyə hazıram.
İdman ayaqqabısında meydançaya qaçmağa hazıram. Minlərlə insanın gözü qarşısında üzü üstə yıxıldım. Lazım gələrsə, yıxılaram və alçaldılaram da. Bunların heç biri mənim üçün əhəmiyyət kəsb etmir. Çünki mənim imicim önəmli deyil, yalnız mənim missiyam önəmlidir. Bir gün vəzifəmi yerinə yetirmək üçün canımı verməli olsam, tərəddüd etmədən bunu edəcəm”.
Qeyd edək ki, sözügedən hadisə Panamada yerli “Sportinq”lə yoldaşlıq görüşündə (3:1) baş verib.
Aut.az