Türkiyənin “Adana Dəmirspor” klubunun mətbuat xidməti Superliqanın 23-cü turunun “Qalatasaray”la oyununda yaşanan qalmaqaldan sonra açıqlama yayıb.
Xatırladaq ki, adanalılar 30-cu dəqiqədə qapılarına təyin olunmuş penalti ilə razılaşmadıqları üçün meydanı tərk etmişdilər. Oyun dayandırılan vaxt hesab 1:0 istanbulluların xeyrinə olub.
“12-ci dəqiqədə komandamızın qapısına ədalətsiz penalti təyin olundu. Bu baxımdan VAR-ın müdaxiləsini gözləyirdik. Lakin VAR-dan müdaxilə olmadığı üçün Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti ilə əlaqə saxlayıb meydanı tərk etmək qərarımızı ona bildirdik. Qərarımız bir neçə dəfə dördüncü hakimə çatdırılsa da, stadionda yaranan səs-küyə görə futbolçularımıza gec çatdırılıb və lazımi tədbirlər gec görülüb, nəticədə proses 30-cu dəqiqəyə qədər uzanıb.
Bu qərar klubumuzun hakimlərin sistemli və düşünülmüş səhvlərinə, eləcə də ədalətsizliyə cavabıdır. Baxmayaraq ki, son illərdə, eləcə də bu mövsümdə hakimlərin qərarlarına böyük səbir nümayiş etdirsək də, ədalətsiz, yanlış, qərəzli qərarlar davam edir və getdikcə tez-tez baş verir. Bu ədalətsiz və qərəzli qərarlar bizə qarşı deyil, onlara qarşı aparılan sistemli əməliyyatlar çərçivəsində TFF və Mərkəzi Hakimlər Komitəsinə (MKK) qarşı yönəlib. MHK və TFF-yə təzyiqlər hakim səhvlərini adi hala gətirib və futbolun bütövlüyünün qorunub saxlanmasına mane olub.
Bu gün baş verənlər təkcə “Adana Dəmirspor” üçün problem deyil, həm də Türkiyə futbolunun gələcəyinin dalana dirəndiyinin bariz göstəricisidir. Belə qalmaqallı qərarlar futbolda idman rəqabətinin ruhuna, ədalət prinsipinə ciddi zərbə vurur.
Biz bütün cəmiyyətə bəyan edirik ki, ədalətsizliyə, qanunsuzluğa, sistemli səhvlərə boyun əymək fikrində deyilik. İstəyirik ki, verdiyimiz qərar bütün haqsızlıqlara son qoyan bir dönüş nöqtəsi olsun. Biz klubumuza və ictimaiyyətimizə veriləcək istənilən cəzanı qəbul etməyə hazırıq, lakin eyni zamanda istəyirik ki, türk futbolunun mübarizə aparacağı təmiz, ədalətli və layiqli yaşıl meydanlar olsun”, – klubun mətbuat xidmətinin “X” sosial şəbəkəsində yaydığı bəyanatda deyilir.
Aut.az