44 günlük müharibə: Rayonlarımız bir-birinin ardınca işğaldan azad edilir. Hər kəs Şuşanın azad ediləcəyi günü gözləyir. Biri də evində divanda oturub isti çaydan içir. Bu vaxt azyaşlı uşağı yanında osturur. Diksinir, qorxudan divandan yıxılır. Qalxır və kompüterin qarşına keçib yazır: “Ə, bə nə oldu, Şuşanı niyə almadıq?”
2024-cü il. “Qarabağ” Avropa nəhəngi “Ayaks”a məğlub olur. Həmin adam yenə də kompüterin qarşısındadır. Yazır: “Qurban Qurbanov istefa verməlidir”.
Adam döyüşün nə olduğunu bilmirdi, Şuşa ətrafında əsgərlərin hansı çətinliklərlə üzləşdiyinin fərqində deyildi. Yəqin ki, Şuşanın qayalarından aşağı baxsa, gözü qaralardı. Amma əsgərdən tələb edirdi: “Şuşa dərhal alınmalıdır”.
Adam Azərbaycan Premyer Liqası ilə İngiltərə Premyer Liqası, Niderland çempionatı arasında hansı fərqin olduğunu bilmir, bilmək istəmir, amma Qurbanovdan tələb edir: “Mançester Siti”ni, “Tottenhemi”, “Ayaks”ı məğlub edəcək komanda yarat”. Bu “yarat” tələbi deyil, bu “dağıt” tələbidir. Milyonları xərcləyib ikinci “Qarabağ”ı yarada bilməyənlər ciddi kompleks yaşayırlar. Ona görə də onların bir çıxış yolu qalır: “Qarabağ”ı dağıtmaq. “Qarabağ” dağılsa, heç kim “Neftçi”dən, “Sabah”dan, “Səbail”dən ikinci “Qarabağ” olmağı tələb etməyəcək. İndi aydın oldu Azərbaycan futboluna təhlükənin hansı istiqamətdən gəldiyi, Qurban Qurbanovu hədəf alanların kimlər olduğu?
Natiq Muxtarlı