Bəli, dəhşətli qətl törədilib. Fakt ortadadır. Amma qatil yoxdur. Siz elə bilirsiniz, qatil Fernando Santuşdur? 70 yaşı tamam olan bu qocanın əlləri əsir, ondan qatil çıxmaz. Üstəlik, kriminalistlərin araşdırması göstərir ki, qətl çoxdan törədilib.
Santuş dünən gəlib Azərbaycana. Bəs kimdir qatil? Mahir Emreli? O yazığa nə veribsiniz, ala bilmirsiniz? Adam açıq şəkildə deyib axı, necə öyrədiblərsə, elə də vurur. Bıçağı yox, topu.
Adama futbol oynamağı belə öyrədiblər. Elə oynamaq isə Azərbaycanda işə yarayır, sərhədi keçdinsə, yararsızsan.
Qətl törədilib, futbol Azərbaycanda öldürülüb. Ölkənin bütün yaş qruplarından olan yığmaları biabırçı şəkildə uduzurlar. U-16, U-17, U-19, U-21 istənilən yığma ilə qarşılaşmada biabır olur. Santuşdur günahkar, yoxsa Mahir?
Eşşəyi qoyub, palanı niyə döyürük? Eşşəyin harada olduğunu bilirik axı.
Azərbaycanda uşaq futbolu heç Allahın da nəzarətində deyil, nəinki AFFA-nın. Bu nəzarətsiz sahə əsl cinayətkar yuvasıdır. Uşaq məşqçilərinin 90 faizi təsadüfi adamlar, ədalətsiz və rüşvətxorlardır. Onlar istedadlı azərbaycanlı uşaqlara qənim kəsiliblər, onlar o uşaqların qatilidirlər. Onlar istedadsızların valideynlərindən rüşvət alıb qətl törədirlər. U-15, U-16, U-17, U-19, U-21-ə çağırılan uşaqların 90 faizi istedadsızdır, onlara futbolda yer yoxdur. Amma bu qatillər onları zorla pərçim edirlər futbola. Sabahımızı da indidən qətl edirlər. Və orada oturanlar. Onlar cinayəti görürlər, onlar gördüklərinə göz yumurlar. Onlara sərf edir bu qətl. Onlar bu qətllərdən pul qazanırlar.
Biz isə Santuşu, Mahiri hədəf almışıq. Eşşəyi qoyub, palanı döyürük. Guya bilmirsiniz ki, eşşək haradadır? Bilirsiniz, eşşəyin də yerini, qatilin də. Oradadırlar!
Natiq Muxtarlı