Braziliyanın Maliyyə Nazirliyi ölkədə lisenziya almaq üçün hələ müraciət etməyən mərc oyun operatorlarına müvəqqəti qadağa tətbiq etmək barədə qərar qəbul edib.
Aut.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu tədbir mərc oyunları nəticəsində ölkə sakinlərinin üzləşdiyi ciddi maliyyə zərəri ilə bağlı hakimiyyət orqanlarının artan narahatlığı fonunda atılıb.
Oktyabrın 1-də mərc qəbulu üçün icazəsi olmayan operatorların işi dayandırılacaq. Oktyabrın 10-dək bukmeker kontorlarına yalnız oyun hesablarından vəsaitlərin çıxarılması üzərində işləmək imkanı veriləcək. Oktyabrın 11-dən idarə sayt bloklanacaq.
Bundan əlavə, maliyyə naziri Fernando Addad bildirib ki, hazırda mərc sektorunu tənzimləyən qaydalar hazırlanır və bu qaydalar mərc etmək üçün kredit kartlarından istifadəni qadağan etməyə yönələcək. Hökumətin bu addımları qumar biznesinin cəmiyyətə mənfi təsirinin qarşısını almaq üçün ümumi siyasətin bir hissəsidir. Maraqlı fakt ondan ibarətdir ki, Addad braziliyalıların mərc oynamağa olan həvəsini “epidemiya” adlandırıb.
Latın Amerikasının ən böyük ölkəsindəki idman tədbirlərinə mərc etmək faktiki olaraq 2018-ci ildən qanuni statusa malikdir. Lakin son vaxtlara qədər hakimiyyət tənzimlənən bazar yaratmaq üçün tədbirlər görmürdü. Yalnız bu il mayın 22-də bukmeker kontorlarının lisenziyalaşdırılması proseduru təsdiq edilib. Buna əsasən, ölkədə fəaliyyət göstərən mərc oyunları operatorları 2024-cü ilin sonuna qədər milli lisenziya almalıdırlar.
Braziliya Maliyyə Nazirliyinin məlumatına görə, artıq 108 şirkət yurisdiksiyada iş icazəsi almaq üçün sənədlər təqdim edib.
Aut.az