“Qarabağ”ın ötən gün Aleksey Kaşuku transfer etdiyi barədə məlumat vermişdik. Klub ukraynalı futbolçunun transferini bu gün açıqlayıb.
Aut.az bu transferin olduqca maraqlı reallaşma hekayəsi haqda məlumat əldə edib. Çünki yayın əvvəlində Ağdam klubu 24 yaşlı vingeri heyətinə qatmağa çalışsa da, onun yüksək məvacib tələbi ilə baş tutmamışdı. Ancaq özünə klub tapmayan Kaşukun iyulun sonunda Bakıya gəlməsi ilə vəziyyəti dəyişdi.
Əslində onun paytaxtımıza gəlmə səbəbi həmyerlisi Roman Qriqorçuk idi. 59 yaşlı mütəxəssisin həmyerlisinin maraq dairəsində olduğu barədə əvvəl sizə məlumat vermişdik. Ancaq transfer danışıqları uzun sürdü. Hətta Bakıda da tərəflər ortaq məxrəcə gələ bilmədi. Halbuki Qriqorçuk onu komandasında görmək istəyirdi.
Bəs necə oldu ki, Bakıya “Neftçi” üçün gələn Kaşuk “Qarabağ”a keçdi? Sualın cavabı bizdə var.
Alekseyin “ağ-qaralar”a transferinin baş tutmamasının səbəbkarları klubun idman üzrə müşaviri Kamil Məmmədov və idman direktoru Yens Anderssondur. Paytaxt təmsilçisində bütün transferlər onların hazırladığı siyahı əsasında reallaşır. “Neftçi” demək olar ki, yalnız onların qərarları ilə futbolçularla müqavilə imzalayır. Onların dəstəkləmədiyi heç bir keçid baş tutmur. Kaşuk da bu ikilinin planlarına daxil olmayan futbolçulardan idi. Ona görə bu cütlük ukraynalı futbolçu ilə anlaşmamaq və onunla müqavilə imzalamamaq üçün əllərindən gələni edib.
Hətta Alekseyin aşağı maaş tələbi də bir bəhanə ilə rədd edilib. Beləcə “Neftçi” Kaşuk kimi futbolçunu əzəli rəqibi “Qarabağ”a hədiyyə etdi.
Vətəni Ukraynaya müharibəyə görə dönmək istəməyən futbolçu özünü israrla “Qarabağ”a təklif etdi və sonda istəyinə çatdı. O, qarşıdakı 3 ili Ağdam klubunda keçirəcək. Böyük ehtimalla, “Neftçi” ilə prinsipial qarşılaşmanı gözləyir. O, Kamil Məmmədov və Yens Anderssona yəqin ki, nələrisə sübut etməyə çalışacaq.
Aut.az