Bu günlərdə Azərbaycan futbolunda ən çox müzakirə edilən mövzu “Neftçi” ilə bağlıdır.
Premyer Liqanın 5 turundan sonra “ağ-qaralar”ın aktivində cəmi 4 xal var. Komanda cəmi 1 oyunda məğlub olsa da, qalib də gələ bilmir.
Xüsusilə debütant “Şamaxı” ilə son tur oyunundakı qolsuz heç-heçə “Netçi”nin düşərgəsindəki vəziyyəti gərginləşdirib. 31 milyon büdcəsi olan Bakı klubu çempionatın ən az maliyyəyə sahib olan iki komandasından biri olan debütantı məğlub edə bilməməsi xeyli sual yaradır.
Çünki bu yay transfer əməliyyatlarına və yeni müqavilələrə milyonlarla manat xərclənib. Vəziyyət belə davam edərsə, “Neftçi”nin rəhbərliyi yuxarılara hesabat vermək məcburiyyətində qalacaq. Buna görə də rəhbərlik problemləri həll etmək üçün yol axtarır.
Aut.az-ın əldə etdiyi məlumata görə, artıq “Neftçi”nin başbilənləri vəziyyətdən çıxış yolu və günahkar tapıblar. Söhbət baş məşqçi Roman Qriqorçukdan gedir. Ukraynalı mütəxəssisə istənilən şəraiti və limitsiz transfer şəraiti yaratdığını iddia edən rəhbərlik vəziyyəti sorğu-sual edən “yuxarılar”a problemin Qriqorçukda olduğunu iddia etməyə başlayıb. Guya 59 yaşlı məşqçi idarəçilikdəki uğurlu idarəetməni meydandakı nəticələrlə tamamlaya bilmir. Vəziyyətin belə davam edəcəyi halda Romanın “Neftçi” “roman”ını tezliklə başa vurmağın məqsədəuyğun olduğunu bildirirlər.
Artıq ukraynalı məşqçinin yerinə yeni namizədlər də var. Əsas variant kimi bir nəfər ön plandadır. Söhbət “Sumqayıt”ın baş məşqçisi Samir Abasovdan gedir. “Neftçi” rəhbərliyi ardıcıl əcnəbi məşqi seçimlərindən sonra yerli mütəxəssisə güvənməyi düşünür. Abasovun Bakı klubunda yaxın keçmişdə çalışması və komandanı möcüzəvi şəkildə çempion etməsi klub rəhbərliyinin əlindəki ən böyük əsasdır.
Ancaq Abasovla bağlı bir problem var. Məlum olduğu kimi, 46 yaşlı məşqçi emosianllığı və tələbkarlığı ilə seçilir. O, heç vaxt klub rəhbərlinin çaldığı havaya oynamır. Elə buna görə klublardakı macəraları uzun çəkmir. Ancaq Samir Abasovun dili qədər dilçəyi də var. Ən pis vəziyyətlərdə nəticə vermə bacarığı indi onu yenidən “Neftçi”yə qaytara bilər.
Məlumata görə, çıxılmaz vəziyyətdə olan “Neftçi” rəhbərliyi ona böyük vədlər verib: Uzunmüddətli müqavilə və transfer məsələlərində sərbəst qərar vermək səlahiyyətləri bunlar arasında ən əsasıdır. Ona verilən vədlərdən biri də daha yüksək büdcə ilə bağlıdır. Belə ki, Abasov mövsümü yüksək pillələrdə başa vursa, ona indikindən daha yüksək imkanlar yaradılacağı, çempionluq və avrokubokarın qrup mərhələsinə yüksəlmək üçün istənilən şəraitin yaradılacağı bildirilib. Abasova gəlincə, açıq şəkildə bildirməsə də, ürəyi “ağ-qaralar”ın yanındadır. O, “ağ-qaralar”da yarımçıq qalan hekayəsini yenidən yazmaq eşqi ilə alışıb-yanır. Buna görə də həm futbolçu, həm də məşqçi kimi titullar qazandığı komandaya geri dönmək istəyir. “Kimyaçılar”dakı vəziyyətin ürəkaçan olmaması da bu prosesi sürətləndirir.
Aut.az