Ukraynalı futbolçu Aleksey Kaşuk düz 1 aydır ki, Azərbaycandadır.
Kaşuk ölkə çempionatının sadiq azarkeşlərindən birinə çevrilib. Görünmədiyi, ekrana gəlmədiyi oyun yoxdur.
O, Azərbaycana gəzməyə gəldiyini bildirmişdi. Artıq bir-birinin ardınca Avropa ölkələrində transfer pəncərəsi bağlanır. Kaşukun “səyahəti” isə davam edir, klub axtarmaq niyyəti də görünmür. Daha doğrusu başqa ölkədə axtarış niyyəti nəzərə çarpmır.
Bəs bir aydır Bakı küçələrində var-gəl edən Kaşukun dərdi nədir?
Aut.az-ın əldə etdiyi məlumata görə, ukraynalı futbolçu vətəninə dönmək fikrində deyil. Ölkəsindəki vəziyyətdən bezən və hər an müharibə üçün çağırış alma ehtimalı olan Kaşuk legioner həyatı yaşaya biləcəyi klub axtarır. O yayda Azərbaycan təmsilçilərindən müqavilə təklifi alsa da, şərtlərlə razılaşmamış və yüksək məvacib tələb etmişdi.
Ardınca Bakıya – “Qarabağ”da çıxış edən adaşı və dostu Aleksey İsayevin yanına gələn futbolçu başqa klublarla danışıqları buradan davam etdirir. Hətta Bakıda “Makkabi” (Hayfa) rəhbərliyi ilə görüşən 24 yaşlı vinger israillilərlə anlaşa bilməmişdi.
Avropada transfer pəncərəsi bağlanmaq üzrədir. Komandaların əksəri heyətlərini komplektləşdirib. Buna görə də Kaşuk və menecerləri döydüyü hər qapıdan “yox” cavabını alır. İndi gözünü yenidən Azərbaycana dikib.
Ukraynalı futbolçu Azərbaycanın aparıcı klublarına ən aşağı şərtlərlə müqavilə bağlamağa razı olduğunu bildirib. Ancaq bu dəfə rədd edilib. O, yenə ümidini üzmür və axtarışlarını davam etdirir.
Ölkəsindən qaçaq düşən Kaşuk Ukraynaya dönməmək üçün hər şey edir. Çünki o, klubsuz şəkildə vətəninə qayıtsa, öhdəliyi olmadığı üçün böyük ehtimalla müharibəyə cəlb ediləcək. Buna görə də Azərbaycanda qalmağa davam edir.
Aut.az