“Zirə” UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında Kiprdə “Omoniya” ilə qarşılaşmada 6:0 hesabı ilə məğlub olub. Bu, futbolsevərlər arasında birmənalı qarşılanmayıb.
“Zirə”nin Kiprdə məğlubiyyəti Azərbaycan futbolunun hazırkı durumunu təsvir edir?
Mövzunu Globalinfo.az-a şərh edən idman jurnalisti Natiq Muxtarlı deyib ki, “Zirə”nin Kiprdə biabırçı məğlubiyyəti heç kimi təəccübləndirməməlidir.
Onun sözlərinə görə, “Qarabağ”ın uğurları cəmiyyətdə eyforiya, səhv düşüncə formalaşdırıb:
“Hər kəsə elə gəlir ki, “Qarabağ” Avropada uğur qazanırsa, digər klublar da qazanmalıdır. Amma heç kim reallığı nəzərə almır. Reallıq isə odur ki, “Qarabağ” Azərbaycan futbolu deyil. Azərbaycan futbolu “Zirə”dir, yarımpeşəkar komandaya məğlub olan “Sabah”dır, neftin pullarının sərf olunduğu, amma nəticə olmayan “Neftçi”dir. Azərbaycan futbolunun məntiqli, normal reallığı məhz bu komandalarıdır. “Qarabağ” isə Azərbaycan futbolunun anormallığıdır. Olmamalıdır bu ölkədə “Qarabağ” kimi komanda. Amma var. Kimin sayəsində? Təbii ki, Qurban Qurbanovun.
Sabah Qurbanov “Qarabağ”da olmasa, “Qarabağ” da “Zirə”, “Neftçi”, “Səbail” olacaq. Bu aksiomadır. Bunu qəbul etməliyik. Çünki “Qarabağ” nağılı bitəcək nə vaxtsa. Və onda Azərbaycan futbolu yenə də 90-cı, 2000-ci illərə qayıdacaq. Alçaldıcı məğlubiyyətlər indi göylə gedən azarkeşləri yerə çırpacaq. “Qarabağ”ın uğurları azarkeşləri o qədər iddialı edib ki, heç bir məntiqə söykənmədən “Qarabağ”ın az qala “Real”a da qalib gəlməsini tələb edirlər. Təbii, azarkeş istəyi məntiqə söykənə bilməz, o, həmişə qələbə tələb edəcək. Amma dönüb “Neftçi”yə, “Zirə”yə, “Sabah”a baxmaq və düşünmək lazımdır. Sabahı düşünmək lazımdır”.
N.Muxtarlı deyib ki, Azərbaycan komandaları – “Neftçi”, “Sabah”, “Səbail”, “Zirə” ayrı-ayrı məmurların kurasiyasındadır:
“Xalqın boğazından kəsib bu komandalara milyonlar ayırırlar. Amma heç bir nəticə yoxdur. Hər il bu komandalar avrokuboklarda fiasko yaşayırlar. Heç kimdən də hesabat tələb olunmur. Hamı “Qarbağ”ın “qazancını” yeyib, feyzyab olur. Ancaq feyzyab olunası heç nə yoxdur. “Zirə”nin biabırçı məğlubiyyəti daha bir SOS siqnalıdır”.
Jurnalistin fikrincə, bizdə futbol təsərrüfatı məmurlar üçün çirkli pulun “yuyulması” üçün əlverişli məkandır:
“Bunun qarşısı alınmasa, futbol təsərrüfatında peşəkarlar olmasa, bizi daha betər biabırçılıqlar gözləyir. Göydən yerə enməli, reallığı qəbul etməliyik”.