Parisdə-2024 Yay Olimpiya Oyunları öncəsi yaşanan qalmaqalların siyahısına daha biri əlavə olunub.
Aut.az xəbər verir ki, olimpiadasının açılış mərasimində iştirak edən Fransanın ən böyük həmkarlar ittifaqı olan Ümumi Əmək Konfederasiyasının (CGT) ifaçılar assosiasiyasının rəqqasları və musiqiçiləri təşkilatçıları tədbirin keçirildiyi gün tətil elan etməklə hədələyiblər. Bu barədə assosiasiyanın saytında bəyanat dərc olunub.
“Təəssüflə bildiririk ki, iyulun 26-da baş tutacaq şou zamanı, eləcə də Paralimpiya Oyunlarının açılış mərasiminin məşqləri zamanı tətil xəbərdarlığı etmək məcburiyyətindəyik”, – deyə bəyanatda deyilir.
Həmkarlar ittifaqı mərasimdə çıxış etmək üçün işə götürülən sənətçilərin maaş şərtlərindən narazıdır. Xüsusilə, rəqqasların çıxışlarının yayımlanması üçün əlaqəli müəllif hüquqları üçün ödəniş fərqi (red – 60-1610 avro arasında dəyişir) onları qane etmir. Həmkarlar ittifaqı həmçinin Parisdən 40 km-dən çox məsafədə yaşayan bütün sənətçilərin yaşayış və nəqliyyat xərclərinin ödənilməsini tələb edir.
Birlik öz mesajında Olimpiadanın açılış mərasimini təşkil edən “Paname24” agentliyinə, eləcə də oyunların təşkilat komitəsinə müraciət edir. Əvvəllər onlara məqbul həllər tapmaq üçün açıq dialoq təklif edib. Lakin qarşı tərəfin hələ də sözünə əməl etmədiyi bildirilir.
Qeyd edək ki, Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Sena çayında baş tutacaq açılış mərasimində 3000-ə yaxın sənətçi iştirak edəcək.
Aut.az