İki gündür sosial şəbəkələrdə “Qarabağ” FK-nun baş məşqçisi Qurban Qurbanovun avtomobili və onun bahalı nömrəsi müzakirə olunur. Düzdür, klubun sözçüsü Anar Hacıyev xəbəri təkzib edib. Lakin müzakirə hələ də davam edir.
Bir çoxları dəyəri 100 min manata olan nömrənin baş məşqçiyə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov tərəfindən hədiyyə olduğunu iddia edir.
Mövzunu Globalinfo.az-a şərh edən tanınmış idman jurnalisti Natiq Muxtarlının fikrincə, inkişaf etmiş cəmiyyətlərdə ictimai qınaq, sorğunun, tələbin olması normaldır.
Onun sözlərinə görə, sadəcə, inkişaf etmiş cəmiyyətlərdə ictimai qınaq nazirlərə, hökumət rəsmilərinə qarşı olur:
“Yəni hansısa nazir, dövlət qulluqçusu, bir sözlə, dövlətdən maliyyələşən bir şəxsin bahalı maşını, saatı, telefonu müzakirə mövzusu olur. İnkişaf etmiş cəmiyyətlərdə sağlam məntiqi olan insanlar heç vaxt Mourinyonun, Aneçelottinin, Qvardiolanın, Kloppun maşınını, saatını, villasını müzakirə etmir. Çünki onlar korrupsiya predmeti deyillər. Onlar büdcəni talamırlar, onlar xalqın vəsaitini mənimsəmirlər. Azərbaycan cəmiyyəti korrupsiyaya bulaşmış qurumlardan heç nə tələb edə bilmir. Azərbaycan xalqı ayda minimum 300 min manat paket alan nazirə “gözün üstə qaşın var” deyə bilmir. Amma Azərbaycan cəmiyyəti xaricdən ölkəyə milyonlar gətirən Qurban Qurbanovu asıb-kəsir. Bu, cahillikdir. Q.Qurbanov dövlətin, xalqın pulunu talamır. Qurbanov illərdir ki, Avropadan Azərbaycana pul gətirir, ölkədən pul çıxartmır. O, ölkəyə gətirdiyinin heç yüzdə biri qədər də məvacib almır”.
Tanınmış jurnalist deyib ki, Qurbanovun məvacibi Azərbaycan standartlarına görə yüksəkdir:
“Amma bu məvacib onun haqqıdır. Çünki Qurbanov bəlkə də bu ölkəyə valyuta gətirən yeganə şəxsdir. Hər mövsüm onun “Qarabağ”ı Avrokuboklardakı çıxışına görə 20-30 milyon manat vəsait gətirir. Heç nazirləri demirəm, AFFA rəhbərliyi bir o qədər vəsaiti il ərzində əcnəbilərə verib, ölkədən çıxardır. Buyursun ictimaiyyət, buna münasibət bildirsin. Halal qazancı ilə özünə maşın, nömrə, telefon alan şəxsi ittiham etmək cahillikdir. Nazirlərin korrupsiya əməllərinə seyrici qalan şəxslər Qurban Qurbanovu hədəf seçməklə özlərini “qəhrəman” kimi hiss edirlər. Cahilin qəhrəmanlığıdır bu. Sən demə, bu ölkədə hər şeyin günahkarı Qurban Qurbanovdur. Təhsilin, səhiyyənin olmamağının, məvaciblərin aşağı olmasının, hər şeyin, hər şeyin… Kütlə düşüncəsi çox qorxuludur, kütlə düşüncəsi çox təhlükəlidir. Təəssüf ki, Azərbaycan cəmiyyətində kütlə təfəkküründə olanların sayı çoxdur. Belə ölkələrdə cəmiyyət düşünməyə belə tənbəllik edir. Ancaq kütləyə qoşulub ittiham etməyə üstünlük verir. Özü də günahkarları yox, günahsızları. Qurban Qurbanova bir dəfə demişdim. Demişdim ki, özünü qoru. Çünki Azərbaycan cəmiyyətinin iş görməyənləri yox, iş görənləri hədəf aldığı bəlli idi. İndi növbə Qurban Qurbanovdadır”.
Natiq Muxtarlı bahalı avtomobillərin məhz Qurban Qurbanov kimi şəxslərə yaraşdığını bildirib:
“Kütlə başa düşmür ki, bahalı nömrələr, bahalı maşınlar, villalar, Qurban Qurbanov kimi insanlarda olmalıdır, nazirlərdə, onların övladlarında yox. Bunu anlamayan cəmiyyət heç vaxt yaxşı yaşaya bilməz”.