Roman Qriqorçukun «Neftçi»yə təyinatından günlər keçib.
«Beynəlxalq tədbirdə iştirak» (?!) adıyla Ukraynadan Azərbaycana gələn və 2 illik müqaviləyə imza atan mütəxəssis hazırda komandayla birgə Türkiyədədir.
Ondan gözləntilər çoxdur. Heç şübhəsiz, vaxtilə «Qəbələ»də qazandığı tarixi nəticələrə görə.
Əyalət təmsilçisini iki dəfə Avropa Liqasının qrup mərhələsinə daşımış Qriqorçuk o tarixi «Neftçi»yə də yaşatsa, yəqin ki, bakılı azarkeşlər klubun bazası önündə ona heykəl qoyulmasını rəhbərlikdən tələb edəcək.
Qriqorçuk «Qəbələ»də sərbəst idi. Əlinin üstündü əl, gözünün üstündə göz yox idi.
Qriqorçukun hər istəyi qarşılanırdı. «Olmaz» sözünü eşitmirdi.
Nə deyirdi, nə istəyirdi, edilirdi. Adamı çox çək-çevirə salmırdılar.
Hansı futbolçuya barmaq uzadırdısa, alırdılar. Əlqərəz, Tale Heydərov bütün səlahiyyətləri ukraynalıya vermişdi.
O puldan indi «Neftçi»də də var. Hələ ondan da çox. Şərait və təminat baxımından «Neftçi» həmin «Qəbələ»dən daha irəlidədir.
Sadəcə və sadəcə…
«Qəbələ»də bir Tale Heydərov və uzaqbaşı, Fariz Nəcəfov var idisə, bu «Neftçi»də «bir»lərin sayı çoxdur.
Daşı atırsan, gedib o adamlara dəyir. Və hərəsinin də ağzından bir avaz gəlir. Kimi deyir, sür dərəyə, kimi deyir, sür təpəyə.
«Neftçi» ötən mövsümü biabırçı keçirdi. Son 7 ildə ilk dəfə avrokuboklardan kənarda qaldılar.
Sezonun əvvəlində Adrian Mutu ilə yağışa düşdülər, sonra da Miodraq Bojoviçlə yağmura yaxalandılar. Həm Əli aşından oldular, həm Vəli aşından.
Aradan iki aya yaxın vaxt ötüb, «Neftçi» hələ də sturkturlaşma sarıdan problemlər yaşamaqdadır.
Bilmirəm kimi və nəyi gözləyirlər, nə üçün idarəetmə aparatını formalaşdırıb qurtara bilmirlər.
Kim(lər) idarəçidir, kim(lər) icraçıdır, kim(lər) hansı sahəyə baxacaq, onu da bəlli etməyiblər. Zaman isə «Neftçi»ni gözləmir, hər keçən gün klubun ziyanına işləyir.
Transfer əməliyyatlarının ləng həyata keçirilməsi, səviyyəli legionerlərin alınmaması sabah Qriqorçuka zillət yaşadacaq.
Bu azmış kimi, deyilənlərə inansaq, yeni baş məşqçiyə transfer bazarında müstəqil hərəkət etmək icazəsi tanınmayıb.
Yeni oyunçuların alınmasıyla klubun ayrı-ayrı fərdləri məşğuldur. Danışılanlar doğrudursa, Qriqorçukla şərt kəsilib ki, biz bəyənəcək və gətirəcək, sən isə oynadacaqsan.
«Neftçi»ni çökdürən bu yanaşma olmayıbmı? Qriqorçuk hansı ağılla köhnə palaza bürünməklə elnən sürünməyə razılaşıb, çox qəribədir.
Təki ortaya iş/nəticə qoya bilsin, mən yanılım…
Musa