Gürcüstan yığmasının uğuru Azərbaycanda ikili mövqe formalaşdırıb: Bir qisim gürcülərin uğurunu futbola peşəkar yanaşmanın nəticəsi olduğunu deyir və bunu alqışlayır. Digər qisim isə ənənəvi azərbaycanlı düşüncəsini ortaya qoyur: portuqallar oyunu satdılar.
Belə azərbaycanlılara görə dünyada hamı hər şeyi alıb-satır.
Kimdir bu azərbaycanlılar? Əllərindən iş gəlməyən, ona tapşırılan işi bərbad günə qoyan qeyri-peşəkarlar, “istedadlı dələduzlar”. Onlar iş görmürlər, iş görənləri də ləkələyirlər.
Kimdir onlar? Rövnəq Abdullayevlər, Elxan Məmmədovlar, Rövşən Nəcəflər, Mahir Məmmədovlar, Zaur Axundovlar, daha kimlər, kimlər…
Gürcülərin uğurunun sirri nədir? Gürcülərin bəxti onda gətirib ki, onlarda Rövnəq Abdullayev, Elxan Məmmədov, Rövşən Nəcəf yoxdur. Gürcülərin bəxti onda gətirib ki, onlarda Rövnəq Abdullayev, Elxan Məmmədov, Rövşən Nəcəf olsa da, onlara vəzifə verilmir.
Gürcülərin bəxti onda gətirib ki, Gürcüstanda əti itin, otu atın qarşısına qoyurlar. Gürcülərin bəxti ondan gətirib ki, orada çörək bişirməyi çörəkçiyə tapşırılar, işi peşəkarlara həvalə edirlər.
Gürcülərin uğurunu aşağılayanlar 16 il ərzində Rövnəq Abdullayevin Azərbaycan futbolunda törətdiklərinə baxsınlar. Bu illər ərzində dövlətin ayırdığı vəsait futbolun inkişafına yönəlsəydi, indi biz gürcülərə yox, gürcülər bizə həsəd aparardı. Bu adamlar dönüb AFFA-nın yeni rəhbərliyinin iş strategiyasına baxsınlar. Gəldikləri 3 aydır, 300 səhv ediblər.
Gürcüstanının uğurunu aşağılayn onlardır: Rövnəq Abdullayev, Elxan Məmmədov, Rövşən Nəcəf düşüncəsində olanlar. İş bacarmayanlar.
Portuqaliya Gürcüstana oyun satıbmış…
Xviça Kvaratsxeliya Ronaldoya yaxınlaşıb və deyib: “Bico, al bu 5 min avronu…”
İş görə bilməyənlərin ənənəvi üsulu: İş görə bilmirsənsə, iş görəni şərlə. Ayıbdır!
Natiq Muxtarlı