Özbəkistanlı gimnast Oksana Çusovitina 2024-cü il Yay Olimpiya Oyunlarını buraxacaq.
Aut.az xəbər verir ki, 48 yaşlı idmançı zədə səbəbindən Asiya çempionatında olimpiya vəsiqəsi uğrunda mübarizə apara bilməyəcək. Çusovitina üçün Parisdəki Olimpiada onun karyerasında doqquzuncu ola bilərdi:
“Əziz dostlarım, bütün gimnastika həvəskarları, təəssüf ki, üzücü xəbərim var. Dünən Daşkənddə keçirilən və Paris Olimpiadasına təsnifat mərhələsi olan Asiya çempionatında sınaq zamanı mən döşəmə hərəkətləri zamanı zədələndim və bu yarışlarda iştirak edə bilməyəcəm.
Çox təəssüf edirəm, çünki bu yarışa çox ciddi və uzun müddət hazırlaşdım. Mən çoxnövçülüyə qatılıb, vətənimdə azarkeşlərimiz və ictimaiyyətimiz qarşısında çıxış etmək istədim, amma təəssüf ki, siz mənim çıxışlarımı görməyəcəksiniz”, – deyə Oksana bildirib.
Çusovitina komanda yarışında 1992-ci il Olimpiya çempionu, tullanma üzrə 2008-ci il Oyunlarının gümüş mükafatçısı, üçqat dünya çempionu, Avropa çempionu və Asiya Oyunlarının çempionudur. O, dünyada ardıcıl səkkiz dəfə (1992, 1996, 2000, 2004, 2008, 2012, 2016, 2020) Olimpiya Oyunlarında iştirak edən yeganə gimnast kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.
Aut.az