AUT.AZ

“Neftçi”də ara qarışıb: Qurban veriləcək şəxs müəyyənləşdi

Cari mövsümdə fiaskoya uğrayan “Neftçi”nin düşərgəsində vəziyyət gərgindir. Premyer Liqada “Qarabağ”la çempionluq mübarizəsinə yaxın düşməyən “ağ-qaralar” ölkə kubokunda da istəyinə çatmadı. Yarımfinalda Ağdam klubuna böyük hesablarla uduzan (0:4, 1:4) paytaxt təmsilçisi aciz durumdadır.

Yaşanan uğursuzluqlardan sonra klub daxilində vəziyyət bir az da gərginləşib. Əslində Azərbaycanın ən köklü klubunun belə vəziyyətə düşməsi hazırda klub ətrafında var-gəl edən şəxsləri elə də narahat etmir. Sadəcə bəzi qüvvələr “Neftçi”dəki mövqeyini itirməkdən narahat olmağa başlayıblar. Buna görə də, qurban axtarıblar. Hətta tapıblar da.

Aut.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar”ın fiaskosunun qəbzi baş məşqçi Miodraq Bojoviçə kəsiləcək. Komandanın nəticələrinə cavabdeh şəxslərdən biri olan idman direktoru Yens Andersson montenerqolu mütəxəssisin gələcəyi ilə bağlı qərar verib. İsveçli funksioner Bojoviçin qələmini qırıb.

Komandanın vəziyyəti ilə bağlı indidən raport hazırlayan Andersson qış fasiləsində baş məşqçi postuna təyin edilən məşqçinin qarşıya qoyulan hədəfləri yerinə yetirə bilmədiyini qeyd edib. O, “Neftçi” mövsümün sonunda çempionatı ikinci yerdə bitirsə belə yeni baş məşqçi lazım olduğunu vurğulayıb. Məşqçi ilə futbolçular arasında münasibətlərin yaxşı olmadığını xüsusilə qeyd edib.

Hazırda “Neftçi”nin Müşahidə Şurasının sədri postu boşdur. Əvvəl bu postu tutan Rövşən Nəcəf aprelin 2-də AFFA prezidenti seçilib. Ondan sonra “ağ-qaralar”a yeni rəhbər təyin edilməyib. Görünür bu proses bir müddət də uzanacaq. Həmin vaxta qədər isə Azərbaycan futbol ictimaiyyəti “Neftçi”nin batmağını izləməyə davam edəcək.

Aut.az

Exit mobile version