“Arsenal” UEFA Çempionlar Liqasındakı çıxışını başa vurmaqla 2025-ci ildə keçiriləcək yenilənmiş klublararası dünya çempionatında iştirak etmək şansını itirib.
Aut.az xəbər verir ki, “topçular” 1/4 final mərhələsində “Bayern”ə ümumi hesabda uduzmaqla (2:2, 0:1) bu hüquqdan məhrum olub. London klubunun əvəzinə “Zalsburq” mundialda iştirak edəcək. Bununla dünya çempionatında Avropadan mübarizə aparacaq bütün komandaların adları müəyyənləşib.
Yenilənmiş yarışda 6 Konfederasiyadan 32 komanda iştirak edəcək. Turnir 2025-ci ilin iyun-iyul aylarında ABŞ-da keçiriləcək.
Avropa klublarına 12 yer ayrılıb. Çempionlar Liqasının son üç versiyasının qalibləri – “Mançester Siti”, “Real Madrid” və “Çelsi” turnirdə iştirakını təmin edən ilk komandalar olub. “Bayern”, PSJ, “İnter”, “Porto”, “Benfika”, “Borussiya Dortmund”, “Yuventus”, “Atletiko” və “Zalsburq” da mundialda mübarizə aparacaq.