AUT.AZ

Asiyalı əfsanə futbolla vidalaşır: 40 yaşında

“Ayntraxt”ın 40 yaşlı müdafiəçisi Makoto Hasebe karyerası ilə bağlı mühüm qərar verib.

Aut.az xəbər verir ki, o, 2023/24 mövsümünün sonunda yaşıl meydanlara vidalaşacağını açıqlayıb.

“22 ildən sonra karyeramı bitirməyin vaxtıdır. Mən bu qərar haqqında çoxdan düşünürdüm. İndi bunun üçün doğru vaxtdır. İllər ərzində yaşadığım və əldə etdiyim hər şeyə qürur hissi ilə baxıram” – deyən Hasebe Frankfurt klubunda məşqçi kimi çalışacaq.

2008-ci ildə Almaniyaya köçməzdən əvvəl Hasebe Yaponiyanın “Urava Red Diamonds” klubunda çıxış edib. O, “Volfsburq” Almaniya çempionu (2008/09) olub. Daha sonra “Nürnberq”də çıxış edib. 2014-cü ildən isə Avropa Liqasının  (2021/22) və Almaniya kubokunun  (2017/18) qalibi olduğu “Ayntraxt”da forma geyinir. O, Bundesliqanın ən yaşlı aktiv oyunçusudur. Klub səviyyəsində 700-ə yaxın oyun keçirib.

Hasebe Yaponiya millisinin heyətində 114 oyunda meydana çıxıb və 2011-ci ildə Asiya Kubokunu qazanıb. O, üç Dünya Kubokunda (2010, 2014 və 2018) çıxış edib və milli komandanın kapitanı olub.

Aut.az

Exit mobile version