AUT.AZ

Qərar qətidir: “Real”ın əfsanəsi karyerasını bitirir

Rudi Fernandes cari mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb.

Aut.az xəbər verir ki, Fernandes “Real”ın müasir tarixinin ən yaxşı basketbolçularından biridir.

Rudi karyerasına “Juventut Badalona”da başlayıb. Bir neçə uğurlu mövsümdən sonra MBA komandalarının diqqətini çəkib.

2008-ci ildə basketbolçu İspaniyanı ABŞ-a dəyişib. O, “Portland Treyel Bleyers” ilə müqavilə imzalayıb.

Oyunçu daha sonra “Denver”də oynayıb və 2012-ci ildə vətənə qayıtmaq qərarına gəlib. O, bu günə kimi oynadığı “Real” ilə müqavilə imzalayıb.

Fernandesin olduğu heyətlə “Real” altı dəfə ACB Liqasının, üç dəfə isə Avroliqanın qalibi olub. Bundan əlavə, Kral Kubokunu yeddi dəfə qaldırıblar. İspan özü dəfələrlə həm fərdi matçlarda, həm də bütün yarışlarda MVP adına layiq görülüb. O, İspaniya millisi ilə də uğur qazanıb. Basketbolçu dünya və Avropa çempionu olub.

“Bunu demək mənim üçün çətindir, amma müəyyən yaşa çatıram və başqa şeylər, ailəm haqqında düşünməyə başlayıram. Hələ qarşıdakı bir neçə ayda oynamalıyam. Ümid edirəm ki, bu müddət ərzində bütün qüvvəmi sərf edəcəm. Uzun müddət əvvəl belimdən zədə alanda həkimlər mənə dedilər ki, daha 3-4 il peşəkar basketbolda qala bilərəm. Fizioterapevtlərin əməyi sayəsində daha uzun illər idmanda qala bildim. Bu nöqtəyə gələ bildiyim üçün özümü çox imtiyazlı hiss edirəm”, – Sport.es basketbolçunu sitat gətirib.

Bu, “Real Madrid” basketbol komandasının “qızıl nəsli”nin daha bir nümayəndəsinin təqaüdə çıxması deməkdir. Felipe Reyes 2021-ci ildə təqaüdə çıxdı. Növbəti illərdə Serxio Llullun da oxşar qərar verəcəyi gözlənilir.

Aut.az

Exit mobile version