AUT.AZ

Olimpiya çempionu saxlanıldı: Büdcəni talayıb

İdman yerişi üzrə olimpiya çempionu, “Novosibirsk” futbol klubunun keçmiş baş direktoru Andrey Perlov büdcədən vəsait mənimsəməkdə şübhəli bilinərək saxlanılıb.

Aut.az xəbər verir ki, bu barədə NGS məlumat yayıb.

Mənbənin sözlərinə görə, ittiham 62 yaşlı Perlovun klub və onun struktur bölməsi – akademiyanın rəhbəri kimi fəaliyyəti ilə bağlıdır. Söhbət məşq sahələrinin şişirdilmiş tariflərlə icarəyə verilməsindən gedir.

“Bir neçə ildir ki, “FK Novosibirsk” bölgədə bədən tərbiyəsi və idmanın inkişafı proqramı çərçivəsində böyük subsidiyalar alıb – yüz milyonlarla rubl. Müstəntiqlər hesab edirlər ki, Perlov büdcə pullarını başqa şirkət vasitəsilə yönəldib”, – mənbə iddia edir.

Perlova qarşı cinayət işi açılıb. Yaxın vaxtlarda məhkəmə onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verəcək.

Perlov SSRİ-nin əməkdar idman ustası, 50 km məsafəyə idman yerişində 1992-ci il Olimpiya Oyunlarının çempionu, 20 km və 50 km məsafəyə qaçışda altıqat SSRİ çempionudur.

1996-cı ildə təqaüdə çıxandan sonra idman funksioneri kimi fəaliyyət göstərib. O, Novosibirsk vilayətinin bədən tərbiyəsi və idman idarəsinin rəis müavini vəzifəsini tutub, 2016-cı ildən isə Novosibirsk vilayəti Futbol Federasiyasının icraçı direktoru olub. 2020-2022-ci illərdə “Novosibirsk” klubunun baş direktoru vəzifəsində çalışıb.

Aut.az

Exit mobile version