AUT.AZ

Almaniyada terror xofu: Avro-2024 zamanı dronlar qadağan edilsin

Almaniya Federal Polis İttifaqı terror təhlükəsi səbəbindən bu ölkədə keçiriləcək Avropa çempionatı zamanı dronların istifadəsinə ümummilli qadağa qoyulmasına çağırıb.

Almaniya 2024-cü il Avropa Çempionatı zamanı dronların terror aktları törətmək üçün istifadə oluna biləcəyindən ehtiyatlanaraq istifadəsini qadağan etməyə hazırlaşır.

Aut.az xəbər verir ki, bu barədə Almaniya Federal Polis Həmkarlar İttifaqının rəhbəri Andreas Rosskopf danışıb. Onun sözlərinə görə, qarşıdan gələn turnirdə ən böyük terror təhlükəsi PUA-lardır.

“Dronlar ən böyük problemlərdən birinə çevrilir”, – “Bild” Rosskopfdan sitat gətirib. Bildirilir ki, Avropa çempionatından əvvəl, Avropa çempionatı zamanı və ondan bir müddət sonra Almaniyanın bütün ərazisində dron uçuşlarına hərtərəfli qadağa qoyulmalıdır.

Krems Dunay Universitetinin beynəlxalq tədqiqatlar professoru, terrorizm və dron eksperti Nikolas Stokhammer Rosskopfun narahatlığını bölüşüb.

“İHA-lardan son 10 ildə terror hücumlarında dəfələrlə həm kamikadze, həm də partlayıcılarla silahlanmış pilotsuz təyyarələr kimi istifadə olunub. Bu gün texnologiya daha əlçatan olub. Bu həm də terrorçuların ucuz və uzaqdan idarə olunan texnologiyaya üz tutması riskini artırır. Pilotsuz təyyarələrdən istifadəyə dair təlimatlar internetdəki müvafiq forumlarda asanlıqla əldə edilə bilər. Təcavüzkarlar hazırda döyüş bölgələrində istifadə olunan müasir hərbi İHA-lara sahib ola bilsələr, təhlükə daha da artır”, – Stokhammer bildirib.

Aut.az

Exit mobile version