AUT.AZ

TEYLOR SARI KART VERMİŞDİ AXI…

…amma VAR ona başa saldı ki, komandanın adı “Qarabağ”dır və durdurulmalıdır!

Martın 14-də elə bir dramatik matç izlədik ki, nəticəsi ilə heç cür barışmaq olmur. Hərçənd hər şey doğrudan da geridə qaldı. Bununla belə, bu o demək deyil ki, baş verən haqsızlığa göz yummalı və fikirlərimizi ifadə etməkdən çəkinməliyik. Belə şey yoxdur.

Cəfərquliyevin oyundan qovulmasına səbəb olan müdaxiləsində ingilis referi Entoni Teylor haqlı olaraq sarı verib cərimə təyin eləmişdi. O, hər şeyi yaxşı görürdü. Çünki adam uşaq deyil axı, dünyanın ən gərgin çempionatında işləyir və görürdü ki, həmin epizodda qapıya haradasa 40 metrəyə yaxın məsafə var.

Cəfərquliyev rəqibinin köynəyini arxadan ani reflekslə yüngülcə dartıb buraxmış, rəqib bundan sonra hələ 15 metr də məsafə qət eləmiş, burdan bir işin çıxmayacağını görüncə isə, səndələyib yerə sərilmişdi. Teylor yaxşı görürdü ki, rəqib futbolçu qapının tən ortasına tərəf yox, nisbətən cinahla düz qaçır və qapıya doğru əyilməyib. Stoper mövqeyində olan Bədavi Hüseynov isə onunla tam paralel qaçırdı və təhlükəli zonanı zatən bağlaya bilirdi. Yəni yüz faizlik qol ehtimalı yarada biləcək epizoddan əsər-əlamət yox idi.

Bir daha deyirəm, Teylorun özünə qalsa, adam olayı “texniki fol” kimi qiymətləndirib, doğru olaraq sarı vərəqə çıxarmışdı. Onun Cəfərquliyevə qırmızı göstərmək fikri yox idi.

Amma… Avropanın bu gün ən formada olan komandası, Almaniya Bundensliqasının çempionluğuna ən real namizəd Leverkuzenin “Bayer-04” klubu vaxt keçdikcə oyundan qopurdu, artıq hesabda 0:1 geridə idi, böyük ehtimal, arxada ciddi boşluqlar verəcəkdi və “Köhlən Atlar” növbəti qolları da vurub, hesabı qoruya biləcəkdi.

Komandamız UEFA Avropa Liqasının 1/4 finalının astanasında idi, işi həll etmək üzrə idi.

Bəs nə oldu?

O oldu ki, idmana, futbola yenə siyasət qarışdı. Yenə çirkinləşdirdilər hər şeyi, yenə ikili-üçlü-dördlü standartlar əngəl oldu, yenə fürsət tapıb bizi ən həssas yerdən vurdular, rəsmən “şapalaqladılar”. Ha desək də ki, siyasət idman prinsiplərinə ziddir, xeyri yoxdur. Millətçilik, irqçilik, xristian təəssübkeşliyi bu gün də Avropada ideoloji-siyasi planda ana xətdir və hər sahədə elə, ya belə büruzə verir.

Bütün bunları aşmaq üçün isə hər mənada çox güclü, həddindən çox güclü olmaq məcburiyyətindəyik.

İşin ayrı bir maraqlı tərəfi də az düşündürücü deyil. Bizi bu gün Avropa turnirlərində təmsil edən komandamızın adı nədir? QARABAĞ! Məhz bu adın, xüsusilə, son dörd ildə bədxah qonşularımızla yanaşı, onların havadarları olan avropalıları da höfsələdən, dəndənədən çıxardığı açıq bir faktdır. Lobbi isə iş başındadır…

Siz onların öz “web”-səhifələrində bizim komandamızı və futbolçularımızı önə çıxarmağına, tərifə boğmağına, guya canları yanırmış, guya xüsusi qiymət verirlərmiş kimi piar qurmalarına qətiyyən aldanmayın, bunların hamısı gözdən pərdə asmaq, başqa tərəfdən isə intriqanı qızışdırmaq cəhdləridir. Yəni, hər mənada elə vəziyyət yaradırlar ki, Avropa klubları bizimlə oyunlara məhz son oyun kimi, ölüm-qalım savaşına çıxırmış kimi hazırlaşsınlar. “Bir TÜRK komandasına qarşı oynayacaqsız” mesajını hiss etdirirlər hər fürsətdə. Uşaq deyilik ki..

Sizi inandırıram, dünən almanlara rəqib “Qarabağ” yox, məhz “Neftçi” və ya “Sabah” olsaydı, hakim briqadasının, xüsusilə VAR-da oturanların o tərbiyəsizliyini görməyəcəkdik. Ona görə ki, “Qarabağ” sıradan isim deyil, təkcə futbolla assosiasiya olunmur, “Qarabağ” eyni zamanda Azərbaycanın bədxah qonşularına və onların Avropadakı güclü havadarlarına, himayədarlarına bir gözdağıdır, bir ağır şapalaqdır, bir Türk Tokatının adıdır həm də..

Bəli, məhz “Qarabağ” futbol klubunun Avropa Liqasında son 8 komandadan biri olması faktının qarşısını almaq üçün, VAR nə lazımdı elədi. Təəssüf ki, qocaman referi Entoni Teyloru da öz tərbiyəsizliklərinə alət edə bildilər. Teylor dünən yüz milyonlarla futbolsevəri, hətta ingilislərin özlərini belə, dərin xəyal qırıqlığına uğratdı. Onlar belə müxtəlif məzəli “twitlər” atıb Teyloru lağlağı, yumor obyektinə çevirmişdilər.

Çünki futbolçuların meydanda, az qalsın güləşdiyi və buna görə cəzalandırılmadığı məşhur İngiltərə Premyer-Liqasında Entoni Teylor belə follara fit çalmır, nə də ki, kart göstərmir. Dünən də düz qərar vermişdi. Sarı kart və cərimə ilə “Başlayın!” işarəsi etmişdi. Yan hakim də olaya o qədər də müdaxilə etmədi, bunu da gördük.

İşi pozan VAR oldu!

İnanıram, içimdə bir səs var: bir gün VAR-Teylor səs yazısı mütləq ortaya çıxacaq (zatən belə hallar bir çox hallarda olub) və əsil həqiqəti biləcəyik. Bəlkə də Teylor bir gün bu xəcaləti mənəvi-vicdani olaraq qaldıra bilməyib, özü hər şeyi danışacaq.

 P.S. Məni ən çox dəndənədən çıxaran bir başqa məsələ də var. Təbii, fikirlərim subyektivdir. Müşahidə eləmişəm, “Qarabağ”a qarşı məkrli oyunbazlıqlar zamanı baş məşqçimiz Qurban Qurbanov özünü həddindən artıq sakit, centlmen aparır və “fair-play” qaydalarına aşırı aludə olur. Bu qədər soyuqqanlılıq doğru başa düşülməyə bilər. Bu, emosiyaların pik həddə çatdığı bir yarışdır, az qala döyüşdür, mübarizədir, ölüm-qalım savaşıdır və sənin özünün, komandanın əziyyəti, minbir müşkülatla nail olduğunuz nəticələr tərbiyəsizcə əlinizdən alınır, bu nöqtədə sən sakit durmamalısan, baş hakimə, 4-cü hakimə yerində təzyiq etməli, izahat tələb etməlisən. Bu yekəlikdə də ədalətsizlik olmaz axı. Bir Azərbaycan klubu Almaniya, İngiltərə, Fransa, İspaniya klubları kimi hər il o mərtəbələrə gəlib çıxa bilmir axı, fikrimcə, buna görə daha çox üsyankar olmalı idi Qurbanov. “Fair-play” çərçivələrinin, centlmenliyin də bir çərçivəsi, həddi, əndazəsi olmalıdır da…

Mirzə Rəşad ORBEY

Exit mobile version