AÇ: millinin təsnifat mərhələsində oyun proqramı bilindi
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (EuroVolleyM 2026) təsnifat məshələsində iştirak edəcək.
Aut.az xəbər verir ki, qitə birinciliyinin seçmə mərhələsi 2024 və 2025-ci illərdə baş tutacaq. Turnirə bu ilin avqust ayında start veriləcək.
Komandalar reytinqdəki yerlərinə görə qruplara bölünüblər. Reytinqdə 26-cı olan Azərbaycan millisi B qrupunda Belçika (11-ci yer) və Avstriya (29-cu yer) kollektivləri ilə birgə mübarizə aparacaq. Komandamız evdə və səfərdə olmaqla ümumilikdə dörd oyun keçirəcək.
Qarşılaşmaların yarısı bu il avqustun 17-29-da, yarısı isə 2025-ci il avqustun 9-17-də təşkil olunacaq.
Seçmə mərhələdə 21 yığma (7 qrup) çıxış edəcək və onlardan 12-si qitə birinciliyinə vəsiqə qazanacaq. Qrup qalibləri və ən yaxşı nəticə ilə ikinci olacaq 5 komanda Avropa çempionatında iştirak hüququ qazanacaq.
17-18 avqust 2024
Avstriya – Azərbaycan
24-25 avqust 2024
Azərbaycan – Belçika
13 avqust 2025
Belçika – Azərbaycan
16-17 avqust 2025
Azərbaycan – Avstriya
