AUT.AZ

“Qarabağ” üçün gərgin və sərt MÜBARİZƏ: Leverkuzendəki oyundan gözləntilər

Almaniyada “Bayer 04” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununun təyinatları açıqlanıb. Bu qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb. FIFA referisi Entoni Teylora Qari Besvik və Adam Nunn kömək göstərəcək. Dördüncü hakim funksiyasını Endryu Madli yerinə yetirəcək. VAR-da Stüart Attvell, AVAR-da Jarred Gavan Gillett əyləşəcək.

Aut.az xəbər verir ki, 14 mart tarixində Leverkuzendə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq qarşılaşma ilə bağlı fikirlərini Medianews.az-a bölüşən idman şərhçisi Natiq Muxtarlı bildirib ki, “Qarabağ” artıq Azərbaycan futbolunda tarix yazıb.

Onun sözlərinə görə, futbolumuzun reallığını nəzərə alsaq, hansısa Azərbaycan klubunun avrokuboklarda belə nəticə əldə etməsi gözlənilən olmayıb: “Amma “Qarabağ” bunu edib. Edibsə, bu, möcüzədir, inanılmaz möcüzə. Ona görə də, “Qarabağ”ın itiriləsi heç nəyi yoxdur. Bu komanda üzərindəki bütün təzyiqləri Avropa Liqasının 1/8 finalına adlamaqla, bu mərhələdə Bakıda “Bayer”lə döyüşməklə atıb. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib. Amma bu o demək deyil ki, “Qarabağ” Almaniyada “Bayer”ə müqavimət göstərməyəcək. Yox, əksinə, “köhlən atlar” daha əzmlə mübarizə aparacaqlar. Qoy “Bayer” narahat olsun. “Qarabağ”ı mübarizədən kənarlaşdırmaq üçün onlar hətta “Bavariya” ilə qarşılaşmada da sərf etdiklərindən də atıq güc sərf etməlidirlər”.

N.Muxtarlı deyib ki, Leverkuzendə baş tutacaq qarşılaşmada favorit “Bayer”dir: “Bu oyunda aşkar favorit “Bayer”dir. Amma nəticənin necə olacağını ilə bağlı birmənalı proqnoz vermək olmaz. Heç şübhə olmasın ki, “Qarabağ”ın şansı olacaq. Bu şanslardan maksimum yararlanmaq lazımdır. Bakıdakı oyunu xatırlayaq: həmin oyunda da “Bayer” aşkar favorit sayılırdı, amma “Qarabağ” 7-8 qol şansı yaratdı, sadəcə cəmisi ikisindən yararlandı. “Bayer” isə cəmisi iki qol şansı əldə etdi və maksimum yararlandı. Qol şanslarından maksimum yararlana bilsə, “Qarabağ”ın yeni bir tarix yazmaq imkanı da olar”.

İdman şərhçisinin qənaətincə, bu oyunda gərgin, bir qədər də sərt mübarizə olacaq: “Qarşılaşmanın baş hakimi ingilisdir. İngilis hakimlər isə sərt mübarizəyə şərait yaradırlar. Buna da hazır olmaq lazımdır. Futbolçuların fiziki durumu bu qarşılaşmada əhəmiyyətli olacaq. Ümid edək ki, hər şey “Qarabağ” üçün yaxşı bitəcək. Amma mərhələ keçilməsə belə, “Qarabağ”a təşəkkür etməliyik. Bu mövsüm bütün Azərbaycana yaşatdığı qürura görə”.

Exit mobile version