AUT.AZ

AFFA “Qəbələ”ni elitada saxlamaq istəyir: Arqumentləri odur ki…

İki turdan sonra futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün 75 faizi geri qalacaq. Bu o deməkdir ki, çempionatın son mərhələsinə qədim qoyacağıq.

Turnir cədvəlinə diqqət yetirsək, yalnız 2 komandanın digər 8 iştirakçıdan aralı düşdüyünü görə bilərik. Söhbət aşkar lider “Qarabağ” və aşkar autsayder “Qəbələ”dən gedir. Mart ayının sonuna qədər Ağdam təmsilçisinin çempionluğu rəsmiləşə bilər.

Bir vaxtlar “köhlən atlar”la çempionluq yarışında olan “qırmızı-qaralar”ın sonuncu pillədən qurtulması artıq möcüzə kimi görünür. 25 oyundan cəmi 15 xal toplayan “Qəbələ” 9-cü pillədəki “Kəpəz”dən nə az, nə çox düz 11 xal geri qalır.

Bu o deməkdir ki, “dağlılar”ın Premyer Liqanı tərk etmək ehtimalı olduqca yüksəkdir. Komandanı ancaq AFFA xilas edə bilər. Yalnız bir halda “Qəbələ”yə güzəşt edilə bilər. Məlumat verdiyimiz kimi, Premyer Liqada komanda sayı artacağı halda, “Qəbələ” elitada qalacaq.

Dəyişikliklərə hazırlaşan federasiyanın bunu etmək üçün əlində kifayət qədər səbəbi var. Düzdür, bu, çempionatının reqlamentinə görə idman prinsiplərinin pozulmasıdır.  Yəni “Qəbələ” sonuncu sıranı tutsa, elitanı tərk etməlidir. Ancaq AFFA bu dəfə xilasetmə əməliyyatı üçün bu qaydanı bir mövsümlük ləğv etmək istəyir.

Azərbaycan futbol ictimaiyyəti kimi ali futbol qurumu da “qırmızı-qaralar”ın məhv olmasından ehtiyat edir. Yüksək səviyyədə futbol infrastrukturu və potensialı olan klubun məhv olması ehtimalı var. Komanda Premyer Liqanı tərk etsə, dövlət vasitəsilə ayrılan maliyyə yardımı 10 dəfə azalacaq ki, bu da “Qəbələ”nin fəaliyyətinə, o cümlədən klubun uşaq futboluna  ciddi şəkildə təsir edəcək.

Buna görə də 19 illik tarixi olan kluba daha bir mövsüm şans verilməsi qərara alınıb. Bu planın reallaşma ehtimalı yüksəkdir. Buna görə “Qəbələ” rəhbərliyi klub və komanda daxilində islahatlar aparıb. Səbuhi Səfiyarlı idman direktoru, Kaxaber Tsxadadze isə baş məşqçi postuna gətirilib. Gürcü mütəxəssislə il yarımlıq müqavilə imzalanması diqqətdən yayınmayan məqamdır.

Yəqin ki, tezliklə “Qəbələ”nin taleyinə rəsmi şəkildə aydınlıq gələcək. Bu, böyük ölçüdə AFFA-da aprelin 2-də keçiriləcək hesabat-seçki konfransından sonra məlum olacaq. Qərarın isə mövsüm bitəndən sonra rəsmi şəkildə açıqlanacağı gözlənilir.

Aut.az

Exit mobile version