AUT.AZ

Premyer Liqada komanda sayı artırılır: AFFA bu iki klubu elitaya gətirir

Yeni mövsümdən Azərbaycanda keçirilən bütün futbol çempionatlarında komanda sayı artırıla bilər.

Aut.az-ın əldə etdiyi məlumata görə, AFFA bununla bağlı sponsoru SOCAR-la danışıqlara başlayıb. Hazırda bütün klublar dövlətin ayırdığı maliyyə yardımını məhz bu şirkət vasitəsilə alır. Buna görə də qurum sponsoru ilə hesablaşır. I Liqada komanda sayının 10-dan 12-ə artırılma ehtimalı yüksək olsa da, II Liqa ilə bağlı eyni sözləri demək asan deyil. Çünki klubların futbol infrastrukturu ilə bağlı çətinlik yaşaması onların lisenziya almasına mane olur. Ola bilsin ki, yeni yaradılmış liqada iştirakçı sayı 14 olaraq qalsın.

Əvəzində Premyer Liqada klub sayının artırılması yönündə ciddi danışıqlar aparılır. Yeni mövsümdən I Liqada çıxış edən 2 klub elitaya yüksələ bilər. Bunlar hazırkı lider “Şamaxı” və yeni mövsümdən Xankəndini təmsil edəcəyi gözlənilən MOİK ola bilər. Belə olacağı təqdirdə, Premyer Liqanı bu mövsüm tərk edən olmayacaq.

Bütün bu qərarların liqalarda idman mübarizəsinin pozulmaması üçün mövsümün sonunda açıqlanacağı gözlənilir.

Aut.az

 

 

 

Exit mobile version