AUT.AZ

Azərbaycan kubokunun finalı bu şəhərdə keçiriləcək

Futbol üzrə Azərbaycan kubokunun finalının keçiriləcəyi məkan bəlli olub.

Aut.az-ın əldə etdiyi məlumata görə, 2023/24 mövsümünə yekun vuracaq qarşılaşma Sumqayıtda baş tutacaq. Uzun fasilədən yenidən inşa olunaraq istifadəyə verilən Mehdi Hüseynzadə adına şəhər stadionu həlledici qarşılaşmanı qəbul etməyə hazırdır.

Arenada artıq Azərbaycan Premyer Liqasının 2 oyunu keçirilib. Müasir görkəmli idman qurğusundakı çatışmazlıqlar ölkədaxili futbol yarışlarının təşkilatçısı Peşəkar Futbol Liqasının göstərişləri ilə aradan qaldırılıb. Hətta stadionun işıqlandırma sistemindəki problem də bu həftə həllini tapıb. PFL buna görə arenada axşam saatlarında oyunlar keçirilməsinə icazə verib.

Beləliklə, iyunun 2-də baş tutacaq Azərbaycan kubokunun final matçı illər sonra Azərbaycan futboluna qapılarını açan Mehdi Hüseynzadə adına şəhər stadionunda keçiriləcək. Sumqaytın eyndiadlı klubunun yarışdakı çıxışını 1/4 finalda başa vurması finalın tam olaraq neytral meydan statusunda olmasına imkan verir.

Qeyd edək ki, daha əvvəl kubokun finalının Xankəndi şəhər stadionunda keçirilmə ehtimalı var idi. Ancaq bu variant sonrakı mövsümə təxirə salınıb.

Aut.az 

Exit mobile version