AUT.AZ

“Qarabağ” Azərbaycan futbolu deyil

“Qarabağ”ın Portuqaliyada sanballı qələbəsi gözlənilməzdirmi? Qətiyyən. “Qarabağ” çoxdan Avropada ciddi klub kimi qəbul edilir. Bu komanda Avropa səviyyəlidir.

Bunu hər kəs qəbul edir, amma azərbaycanlılardan savayı. Bizə hər dəfə elə gəlir ki, “Qarabağ” qarşılaşdığı rəqibdən zəifdir. Niyə belə düşüncəyə sahibik? Bizi belə düşünməyə vadar edən Azərbaycan futbolunun ümumi mənzərəsidir. Bu futbolun içindən “Qarabağ”ı çıxardın. Yerdə nə qalacaq? Heç nə.

Milyardlar xərclənir, amma ortada “Qarabağ”dan savayı heç nə yoxdur. Üstəlik, milyardları xərcləyənlər də “Qarabağ”a mane olmaqla məşğuldurlar. Ona görə də cəmiyyətin baxışı Azərbaycan futbolunun real durumu ilə formalaşır. Azərbaycan futbolunun ümumən zəif olması “Qarabağ”ın real gücünü qiymətləndirməyimizə mane olur. Amma Avropada “atlar”ın gücündən xəbərdardırlar,

“Qarabağ”a olduqca ciddi münasibət göstərirlər. Bizim “Qarabağ”ın gücünü qiymətləndirməyimiz üçün isə Azərbaycan futbolunun real mənzərəsi dəyişməlidir. Ölkədə “Qarabağ”dan savayı da komanda olmalıdır, milli komanda rəqabətə davamlı səviyyəyə yüksəlməlidir. “Qarabağ” Azərbaycan futbolu deyil. Bu həqiqəti qəbul etmək lazımdır.

Natiq Muxtarlı

Exit mobile version