Məlum olduğu kimi yetmiş ildən artıq bir zaman kəsiyində sovet işğalına məruz qalmış ölkəmiz bu mürtəce rejimin vurduğu dərin travmaları yaşamağa məhkum olmuşdur. Şükürlər olsun ki, 30 ildən çoxdur bu qara buludlar ölkəmizin başından uzaqlaşmışdır və artıq ölkəmiz regionun nüfüzlu, müstəqil və güclü dövlətlərindən biridir.
Bu günədək sovet rejiminin iç üzünü ifşa edən çoxsaylı araşdırmalar aparılmış, bir sıra məqalə və kitablar qələmə alınmışdır. Bunlar içərisində obyektivizm fəlsəfəsinin yaradıcısı və kaptalizmin görkəmli müdafiəçilərindən sayılan filosof-yazıçı Ayn Randın 1972-ci ildə şahmat üzrə onuncu dünya çempionu olmuş Boris Spasskiyə yazdığı simvolik xarakterə malik açıq məktubu xüsusilə fərqlənir. Özünəməxsus bir üslubla qələmə alınmış sarkazm xarakterli fəlsəfi məzmunlu bu düşündürücü açıq məktubda sovet rejiminin və kommunizm ideologiyasının eybəcərliklərinə nifrət dolu və ironik bir baxış tərzi nümayiş olunur.
Həmin məktub şahmat dünyasında böyük rezonansa səbəb olan “Əsrin matçı” adı ilə tarixə düşmüş Boris Spasski və Robert Fişerin arasında oynanılan şahmat üzrə dünya çempionatında, daha dəqiq desək, 1972-ci ildə yazılmışdır. Onu da deyək ki, bu şahmat matçı SSRİ və ABŞ arasında davam edən soyuq müharibənin getdiyi həssas bir dönəmdə oynanıldığından çempionata siyasi bir ab-hava qatmışdı. Bu cür gərgin şəraitdə Ayn Randın Boris Spasskiyə ünvanlanmış sovetləri “qamçılamaq” və ələ salmaq xarakteri daşıyan açıq məktubu inanmırıq ki, kimsədə onu oxumaq üçün həvəs oyandırmasın.

Sözügedən məktub ilk dəfə dogma dilimizə hörmətli müəllif Orxan Əmrullayev tərəfindən tərcümə edilmiş və 2018-ci il tarixdə kulis.az saytında yayınlanmışdır. Şübhəsiz ki, dəyərli müəllif Orxan Əmrullayevin tərcüməsi mükəmməldir. Lakin təcrübədə dəfələrlə eyni əsərin bir neçə müəllif tərəfindən müxtəlif vaxtlarda tərcümə edilməsi hallarına rast gəlinmişdir. Mən də öz növbəmdə həmin məktubun mətnini ingilis dilindən tərcümə edərək, oxuculara bir daha təqdim edir və maraqla qarşılanacağını ümid edirəm.
Beləliklə, Ayn Randın Boris Spasskiyə 11 sentyabr 1972-ci il tarixli açıq məktubunda (“An Open Letter to Boris Spassky”) deyilir:
Hörmətli yoldaş Spasski,
Bobbi Fişerlə oynadığınız şahmat üzrə dünya çempionatı matçını böyük bir maraqla izləyirəm. Mən şahmat həvəskarı deyiləm və hətta oynamıram da, oyunun yalnız əsas qaydalarını bilirəm. Mən peşəsi romançı-filosof olan biriyəm.
Ancaq televiziyada gediş-gediş verilən bir oyununuzu izlədim və onu bir şahmat oyunçusunun ehtiyac duyduğu müdhiş düşüncə və planlaşdırma mürəkkəbliyinin gerçək bir isbatı olaraq gördüm. Bu, bir şahmat oyunçusunun nə qədər şeyi ağlında tutmasının, beynində neçə şeyi inteqrasiya etməli olmasının, nə qədər irəlini görməsinin və planlaşdırmalı olmasının bir sübutu idi. Sizin və rəqibinizin qeyri-adi bir intellekt qabiliyyətinə malik olmağınız gün kimi aydındır.
Sonra oyunun özü və oyunçuların zehni qabiliyyətinin onların məşğul olduqları reallığın mütləqliyi sayəsində mümkün olduğunun fərqinə vararaq sarsıldım.
Oyuna xarakter qanunu və onun nəticəsi olaraq səbəbli əlaqə qanunu hakimdir. Hər şey olduğu kimidir: bir vəzir bir vəzirdir, bir fil bir fildir və hər birinin edə biləcəyi gedişlər onların xarakteri ilə müəyyən olunur: bir vəzir şaquli, üfüqi və ya diaqonal hər hansı bir açıq xətt üzrə hərəkət edə bilər, bir piyada isə belə hərəkət edə bilməz, bir top şahmat taxtasının bir tərəfindən digər tərəfinə gedə bilər, bir piyada isə gedə bilməz və s. Onların xarakterləri və gedişlərinin qaydaları sabitdir. Bu isə oyunçuların ağlının qarmaqarışıq, uzunmüddətli bir strateji inkişafına imkan yaradır, buna görə də oyun sadəcə oyunçunun (və rəqibinin) qabiliyyətindən asılıdır.

Belə bir vəziyyət məni sizdən soruşmaq istədiyim bəzi suallara apardı:
1. Deyək ki, iki saatlıq bir beyin partladan zehni əməkdən sonra rəqibinizi bir küncə sıxışdırdınız. Kritik bir anda qəfildən bilinməyən, qeyri-ixtiyari bir qüvvə rəqibinizin filinin vəzir kimi oynamasına icazə verməklə oyunun qaydalarını rəqibinizin lehinə dəyişdirmiş olsa, oynaya bilərdinizmi? Oynaya bilməzdinizmi? Ancaq gerçək həyatda bu, sizin ölkənizin qanunudur və bu, oynamaq üçün deyil, lakin yaşamaq üçün sizin ölkənizin vətəndaşlarının içində olduğu bir vəziyyətdir.
2. Şahmatın qaydaları dialektik bir reallığa uyğun şəkildə ziddiyyətlərin bir araya gələ biləcəyi formada yenilənsə, bununla da oyunun kritik bir anında sizin vəziriniz “ağ”dan “qara”ya çevrilib rəqibinizin vəziri olsa və sonra da hər ikinizə də aid olan “boz”a dönsə, oynaya bilərdinizmi, yoxsa oynaya bilməzdinizmi? Lakin gerçək həyatda bu, sizin vətəndaşlarınızın qəbul etməsi və bu cür yaşaması öyrədilən bir reallıq görüşüdür.
3. Bir komanda formasında oynamaq məcburiyyətində qalsanız, yəni fərdi qaydada düşünməyiniz və oynamağınız qadağan edilsə, bir qrupda tövsiyə verənlə deyil, hər hərəkətinizi səsvermə ilə müəyyən edən bir komanda ilə birlikdə oynamaq məcburiyyətində olsanız, oynaya bilərdinizmi? Bir çempion olaraq komanda içindəki ən yaxşı beyin siz olacağınızdan komandanı sizin strategiyanızın ən əlverişli olduğuna inandırmaq üçün nə qədər səy və zaman xərcləmək məcburiyyətində qalardınız? Uğur qazanmağınız mümkün ola bilərdimi? Əgər bəzi fürsətçi, sadəcə içində olduğu anı düşünə bilən zehinlər rəqibinizin atını sizin üç gediş sonra mat olmağınıza səbəb olma bahasına vurarsa, nə edərdiniz? Davam edə bilərdinizmi? Lakin gerçək həyatda bu, sizin ölkənizin nəzəri idealıdır və bu, ölkənizin (bir gün) elmi çalışma, sənaye istehsalı və insanoğlunun həyatda qalması üçün tələb olunan hər hansı digər fəaliyyətlə məşğul olmağınız naminə ölkənizin tövsiyə etdiyi bir üsuldur.

4. Ağır bir komanda ilə çalışma mexanizmindən söhbət gedirsə və hərəkətləriniz sadəcə arxanızda duran, heç bir şey açıqlamayan və ya müzakirə etməyən, tək arqumenti və xüsusiyyəti silahı olan biri tərəfindən kürəyinizə dayanan bir silahla sizə diktə etdirilərsə, oynaya bilərdinizmi? Oyuna davam etmək bir tərəfə qalsın, oyuna başlaya bilərdinizmi? Lakin gerçək dünyada bu, sizin ölkənizdə insanların yaşadığı (və öldüyü) vəziyyətlə bağlı siyasətdir.
5. Oyunun qaydaları dəyişdirilərsə və siz “proletariatçı” qaydaları oynayarkən rəqibinizin “burjua” qaydaları oynadığı Beynəlxalq Şahmat Federasiyasının peşəkar anlayış, maraq və yanaşmasından xoşunuz gələrdimi? Bu şərtlərlə oynaya bilərdinizmi? Belə bir “çox qaydalı” sistemin çoxlu məntiqilikdən daha absurd olduğunumu söyləyərdiniz? Lakin gerçək dünyada sizin ölkəniz digər ölkələrin “burjua” məntiqi və ya “Aryan” məntiqi, ya da “üçüncü dünya” məntiqi və s. yürütdüklərini iddia edərkən özünün “proletariat” məntiqi yürütdüyünün və qlobal uyğunlaşma və həmrəylik yolunda çalışdığını bəyan edir.
6. Oyunun qaydaları bir istisna xaricində bugünkü kimi qalsa, yəni (kütlələri təmsil etdikləri üçün) piyadalar daha güclü daşları (fərdləri) qurban vermə bahasına qorunmaları tələb olunan ən dəyərli və “qurbanedilməz” daşlar olaraq qəbul edilsə, oynaya bilərdinizmi? Bu sualın cavabının heç-heçə olduğunu iddia edə bilərsiniz, çünki bu cür bir əxlaqi qaydanı qəbul edən yalnız sizin ölkəniz deyil, bütün dünyadır.
7. Oyunun qaydaları eyni qalsa, lakin bərabərlik prinsipinə uyğun olaraq mükafatların verilməsi qaydaları dəyişdirilərsə, yəni mükafatlar, fəxri adlar və ünvanlar qalib gələnə deyil, məğlub olana verilərsə, qazanmaq bir eqoizm əlaməti kimi qəbul edilərsə və qazanana üstün bir ağıla malik olması səbəbindən digərlərinə şans vermək üçün bir il oyundan uzaqlaşdırılma cəzası verilərsə, oynamağa marağınız olardımı? Siz və rəqibiniz qələbə qazanmaq üçün deyil, məğlub olmaq üçün çalışardımı? Bu, sizin ağlınıza necə təsir göstərərdi?

Mənə cavab verməyə məcbur deyilsiniz, yoldaş. Danışmaq və hətta bunun kimi sualları düşünmək azadlığına belə malik deyilsiniz və mən onsuz da cavabları bilirəm. Xeyr, yuxarıdakı şərtlərin heç birinin altında oyun oynaya bilməzsiniz. Şahmat dünyasına üz tutmağınız bunun kimi hadisələrdən qaçmaq üçündür.
Bəli, yoldaş, şahmat bir qaçışdır, reallıqdan bir qaçış. Şahmat, yaşamaqdan qorxan, orta səviyyənin üstündə bir zəkaya malik olan, lakin ağlını məşğul etmədən dura bilməyən və onu real olmayan bir şeyə həsr etmiş və bununla da rədd etmiş olduğu canlı dünyanı anlaşılması çox çətin olduğu üçün başqalarına təslim etmiş bir insan üçün bir “çıxış yoludur”. Bir “uydurma oyun”dur.
Bu dediklərimi qətiyyən bu cür oyunlara qarşı olduğum kimi qəbul etməyin. Oyunların insanın həyatında mühüm bir yeri vardır, zəruri olan dincəlməyi təmin edirlər və şahmat davamlı olaraq məqsədə istiqamətlənmiş çalışma təzyiqi altındakı insanlar üçün bu işi görür.
Bundan başqa, idman yarışları kimi bəzi oyunlar bir sıra insanların bacarıqlarının kamillik səviyyəsinə çatmasını görmək imkanı yaradır. Lakin real dünyada əlil arabasında gəzən bir dünya qaçış çempionu haqqında nə düşünərdiniz? Ya da dörd ayağı üzərində iməkləyən bir yüksəyə tullanan haqqında?
Siz şahmat professionalları, insan qabiliyyətinin ən üstünü olan intellektual gücün ifadəsi olaraq qəbul edilməkdəsiniz, lakin bu güc, altmış dörd xanalı şahmat taxtasının hüdudları xaricində sizi tərk edər və ağlı qarışıq, narahat və diqqəti dağılmış halda qoyar. Çünki siz bilirsiniz ki, şahmat taxtası bir təhsil vermə yeri deyil, gerçəyin yerinə qoyulmuş bir şeydir.
İstedadlı, erkən inkişaf etmiş bir gənc dünya qarşısında sərsəmləmiş vəziyyətdə qalar: onun anlaya bilmədiyi insanlardır, onu qorxudan insanların anlaşılmaz, ziddiyyətli və qeyri-müəyyən davranışlarıdır. Doğru müəyyənləşdirə bilsə də, mübarizə aparmağı tərcih etmədiyi düşmən insan irrasionallığıdır. Ağlının təqdir ediləcəyi bir sığınacaq axtararaq geri çəkilir, təslim olur və qaçır və şahmat tələsinə düşür.

Siz şahmat professionalları, özəl bir dünyada yaşayırsınız, əmniyyətli, qorunan, nizamlı bir dünyada. Bu dünyada mövcud olmağın bütün önəmli və təməl prinsipləri elə açıq-aşkar və möhkəm yerinə oturmuşdur və bu prinsiplər elə tətbiq olunmaqdadır ki, onların fərqinə belə varmaq məcburiyyətində deyilsiniz (bunlar mənim yeddi sualımdakı prinsiplərdir). Bu prinsiplərin oyununuz üçün ilkin şərtlər olduğunu bilməzsiniz və siz onlarla qarşılaşdığınız zaman reallıqda onları və ya onların pozulmasını tanımaq məcburiyyətində deyilsiniz. Sizin dünyanızda onlar haqqında narahat olmaq məcburiyyəti yoxdur, tək etməyiniz tələb olunan şey düşünməkdir.
Düşünmə prosesi insanoğlunun əsl həyatda qalma yoludur. Bu işi müvəffəqiyyətlə həyata keçirməyin həzzi, yəni şəxsin öz ağlının faydasını yaşaması insan üçün mövcud olan həzlərin ən vacibidir və bu istər böyük, istərsə də kiçik olan hər hansı bir zəka səviyyəsindəki insanların ən dərin ehtiyaclarıdır. Buna görə də sizi şahmata çəkən şeyin nə olduğu aydındır: bütün lazımsız əngəllərdən təmizlənmiş, ağlınızın zəfər qazanma gücündən istifadə xaricində heç bir şeyin önəmli olmadığı bir dünya tapdığınıza inanırsınız. Bəs, bunu tapdınızmı, Yoldaş?
Şahmat zehni çalışmanın əsas tendensiyası olan mücərrədliyi ifadə etmir, onun ziddini ifadə edir: zehni çalışmanı bir sıra konkret şeylər üzərində cəmləşdirir və bir ağlın başqa heç bir şeyə yeri qalmayacaq şəkildə yalnız hesablamalar etməsini tələb edir.
Bir hərəkət və mübarizə illüziyası yaratmaq yolu ilə şahmat peşəkar oyunçunun ağlını həyata qarşı mühüm olmayan, önəm verməyən bir passivliyə düçar edir. Şahmat, intellektual çalışmanın mühərrikini, yəni “nə üçün” sualını ortadan qaldırar və müəyyən dərəcədə qorxulu bir iz buraxar: məqsədindən təcrid olunmuş intellektual səy.

Əgər psixoloji və ya ekzistensial xarakterli müəyyən sayda olan səbəbdən ötrü bir insan real həyatın özünə qapalı olduğuna, bacara və ya ardınca qaça biləcək heç bir şeyə malik olmadığına, heç bir hərəkətin mümkün olmadığına inanmağa başlayarsa, bu zaman şahmat buna tamamilə inanmağı və hərəkətsiz qalmağı rədd edən öz üsyankar zehnini keyləşdirmə metodu olar.
Yoldaş, şahmatın sizin ölkənizdə bu andakı rejimdən əvvəl və sonra hər zaman bu qədər populyar olmasının və nəyə görə çoxlu amerikalı şahmat ustasının olmamasının səbəbi elə bax, budur. Gördüyünüz kimi bu ölkədə insanlar hələ də hərəkət azadlığına malikdir.
Sizin ölkənizin liderləri bu çempionluq matçını bir ideoloji mövzu, yəni Rusiya və Amerika arasındakı bir yarış olaraq elan etdiyi üçün bütün dostlarımla birlikdə Bobbinin qazanmasını istəyirik.
Bu matçın ölkəmizdə gözlənilməz maraq oyatmasına səbəb Amerika xalqının sizin ölkənizin hücumuna, təxribat və xuliqan təkəbbür siyasətinə və bizim hökumətimizin həddən artıq dözümlü və səbrli davranışına qarşı uzun müddət davam edən qəzəbi və bu qəzəbin nəticəsidir.
Hamımız üzsüz və adsız kollektiv kütlələr arasındakı (bu, bizə yaxşı-pis mübarizə aparan iki cəngavərin orta əsr mübarizəsinə çox bənzəyən kimi görünən) qlobal qarşıdurmalardan yorğun və bezmiş olduğumuzdan, ölkəmizdə Sovet Rusiyasının hər hansı bir tərzdə, hər hansı bir baxımdan və hər hansı bir şəkildə məğlubiyyətə uğradılmasını görmə yönündə ortaq bir istək vardır (Lakin təbii ki, bu, bir simvoldur, siz şeytanın könüllü bir müdafiəçisi deyilsiniz, bəlkə də hamımızın bildiyi kimi dünyanın geri qalanı olduğu kimi onun bir qurbanı halındasınız).

Ancaq Bobbi Fişerin davranışı simvolizmi pozmaqdadır, lakin bu, bir şahmat mütəxəssisinin ağlı ilə reallıq arasındakı qarşıdurmanın açıq bir nümunəsidir.
Özündən əmin, intizamlı və parlaq olduğu aşkar olan bir oyunçu gerçək dünya ilə mübarizə aparmaq məcburiyyətində qalarsa, çökər. O, bir uşaq kimi tərsliklər etməkdədir, razılaşmaları pozmaqdadır, təsadüfi tələblər etməkdədir, sanki bir lisey turnirində şahmat oyununda özünü diskvalifikasiya edəcək olan bir tərzdə şıltaq davranışlar nümayiş etdirməkdədir. Buna görə də o, gerçək dünyaya özünü ondan uzaqlaşdıran şeytanı, yəni irrasionallığı gətirməkdədir.
Bir məktub imzalamaqdan, hər hansı bir ciddi məsuliyyəti öz üzərinə götürməkdən qorxan, həyatını necə yaşamağı öyrənmək üçün mistik bir təriqətin ixtiyari hökmlərinin rəhbərliyini axtaran bir adam, möhtəşəm, özündən əmin bir insan deyil, lakin ani qəzəb və bəlkə də bir xainlik hissi ilə əldən salınmış faciəli dərəcədə çarəsiz bir qurbandır.
Lakin ağıl prinsiplərinin bir şahmat taxtasının hüdudlarından kənarda tətbiq oluna bilməyəcəyini, onların sadəcə bir insan icadı olduğunu, xaricdəki xaosa qarşı yetərsiz olduqlarını, real dünyada heç bir şansları olmadığını söyləyə bilərsiniz. Bu, doğru olsa, heç birimiz həyatda qalmazdıq və hatta doğulmazdıq, çünki insan növü çoxdan yox olardı.
Əgər yuxarıda qeyd etdiyim növün irrasional qaydaları altında insanlar bir oyun belə oynaya bilməzsə, necə yaşaya bilərlər? Bir insan icadı olan – daha doğrusu, insanın xətası olan – ağıl deyil, irrasionallıqdır.

Təbiət (reallıq) şahmat qədər mütləqdir və onun qaydaları (qanunları) da o qədər çox (hətta daha çox) dəyişməzdir – lakin onun qaydaları və bu qaydaların tətbiqi çox, özü də daha çox mürəkkəbdir və insan tərəfindən kəşf edilnmək məcburiyyətindədir. Eynilə bir insanın şahmat qaydalarını əzbərləyə biləcəyi, lakin onları tətbiq etmək üçün öz ağlını istifadə etmək məcburiyyətində olması kimi hər insan təbiətin qaydalarını tətbiq etmək üçün, yəni müvəffəqiyyətlə yaşaması üçün, öz ağlından istifadə etməyə məcburdur. Uzun müddət əvvəl bütün ustaların böyük ustası təbiətin və həyatın xarakterinin təməl prinsiplərini bizə vermişdir. Onun adı Aristotel idi. Aristotel prinsiplərinə əsaslanan bir cəmiyyətdə yaşasanız, şahmata üz tutmaq istərdinizmi? Bu ölkə, sizin ağlınızın gücünü istədiyiniz bir səviyyədə, sonuna qədər istifadə edə biləcəyiniz, uğurlarınızın mükafatlarını alacağınız və irrassional olmağı tərcih edən insanların sizi dayandırmağa güclərinin olmadığı və özlərindən başqa heç kimə zərər verə bilməyəcəkləri, qaydaları obyektiv, möhkəm və açıq olan bir ölkə olardı.
Belə bir sosial sistem inkişaf etdirilə bilməz, deyirsiniz deyilmi? Lakin o inkişaf etdirildi və tam var olmaq nöqtəsinə yaxınlaşdı – sadəcə səviyyəsiz zehinlər, silahları olan insanlar və onların cadugər həkimləri insanların onu bilməsini istəmədilər. Ona kapitalizm adı verilmişdir.
Lakin yoldaş, bu mövzuda heç-heçə qaldığımızı söyləyə bilərsiniz: sizin ölkəniz bu kəlmənin anlamını bilməz və bu gün bizim ölkəmizdəki çox insan da onu bilməz. ( Medianews.az)
İngiliscədən tərcümə etdi:
Yunis XƏLİLOV
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi, hüquqşünas