AUT.AZ

Tovuzda dirək aşdı, dünya qəfil işıqlandı…

Biznes adamının prinsipi budur: pul qoyub, pul qazanmaq. Yəni bir biznesmen futbola da yatırım qoyursa, deməli, oradan qazanc güdür. Tam haqqı da var buna. Futbol biznesdir bütün dünyada. Özü də gəlirli biznes. Amma Azərbaycan istisnadır. Azərbaycanda futbol biznesə çevrilməyib. Yəni bu sahədə gəlir yoxdur. Ona görə də, ağlı başında olan iş adamı heç vaxt Azərbaycan futboluna yatırım etməz.

Niyə də etsin ki? Pulu çöldən tapmır ki… Futbola yatırım etmək sosial öhdəlik deyil. Biznesmenin Azərbaycanda sosial öhdəliyi şəhid, qazi ailələrinə, imkansız tələbələrə yardım etmək, dövlətin maraqları naminə layihələrə maliyyə ayırmaq olmalıdır. Amma hansısa futbol komandasına pul ayırıb, heç bir nəticə verməyən futbolçulara 10-15 min manat məvacib vermək sosial öhdəlik sayıla bilməz. Və heç bir biznesmen də bunu etməz. Edirsə, deməli, öz pulu deyil.

Azərbaycanda Mübariz Mənsimov da öz pulunu xərcləməyib futbola, Azərbaycan neftinin daşınmasından əldə etdiyi milyardlardan qəpik-quruş ayırıb. O vaxtı bunu yazanda bu qınağa tuş gəlirdik: Qərəzkarsınız, adam futbola cibinin pulunu xərcləyir, siz isə. Cahangir Hacıyev haqda da eyni müdafiə strategiyası qururdular. Hafiz Məmmədov haqda da. İndi həmin adamların heç biri yoxdur futbolda. Amma əvəzində deyək ki, Ehtiram Quliyev var. Tendensiya dəyişməyib. Peşman olursan onun işi ilə bağlı bir kəlmə tənqid yazırsan. “Adam cibinin pulunu xərcləyir, siz isə…” iradını dərhal dığırladırlar qarşına. Həmin adamlardır. Mübariz Mənsimova, Cahangir Hacıyevə, Hafiz Məmmədova görə adamı linç etməyə hazır olanlar.

Tovuzda dirək aşdı, dünya qəfil işıqlandı… Qardaşlar, siz hamı ilə işləməyi neçə bacarırsınız?

Natiq Muxtarlı

 

Exit mobile version