AUT.AZ

“Neftçi” çıxış yolu axtarır – Rövşən Nəcəf Samir Abasova zəng edəcək

“Neftçi”də heç nə yoxdur: nə oyun sistemi, nə əzmkarlıq, nə komanda ruhu…

Bunu komandanın baş məşqçisi Adrian Mutu da bilir. Bilir və deyir ki, bu durumdan çıxış yolu tapmalıyıq.

Mutu onu da bilir ki, bu çıxış yolunu özü tapa bilməyəcək.

Bunu “Neftçi”nin Müşahidə Şurasının sədri, Mutunun böyük pərəstişkarı Rövşən Nəcəf necə, bilir?

Güman etmirəm. Çünki Rövşən Nəcəf elə bilir ki, ən yaxşı futbol elə Mutunun oynatdığı futboldur. Rövşən Nəcəf elə bilir ki, ən yaxşı komanda onun “Neftçi”sidir. Rövşən Nəcəf elə bilir ki, Mutu təvazökar olduğu üçün “bu durumdan çıxış yolu tapmalıyıq” deyir.

Yox, Rövşən müəllim, vallah-billah, Mutu düz deyir. “Neftçi”nin dərdi böyükdür, çox böyük. Çıxış yolu tapılmalıdır. Amma Mutu bu yolu bilmir. Sizin ətrafınızdakılar da Mutudan çox bilmirlər. Deməli, çıxış yolunu onlar da bilmir.

İcazə verin, çıxış yolunu mən deyim: Zəng edin azərbaycanlı mütəxəssislərdən birinə, lap elə Samir Abasova. Samir Abasov gəlib “Nefçi” üçün çıxış yolu tapacaq, buna əmin olun. Elə ki, gördünüz çıxış yolu tapıldı, onda Samir Abasovu qovarsınız. Necə ki, sizdən əvvəlkilər qovmuşdu. Ondan sonra Mutu durub, siz durubsunuz. Lap Sərgən Yalçını da çağıra bilərsiniz. Onun da “Neftçi”ni yoldan necə çıxaracağı maraqlı təcrübə olar axı. Yubanmayın, Rövşən müəllim, Samir Abasova zəng edin. Nömrəsini bilirsiniz?

Natiq Muxtarlı

Exit mobile version